İrakli Kobaxidze və hökumət nümayəndə heyətinin Macarıstana rəsmi səfəri başa çatıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və hökumət nümayəndə heyətinin Macarıstana rəsmi səfəri başa çatıb.
Macarıstanın müdafiə naziri Kristof Şalai Bobrovnitski Gürcüstan hökumətinin başçısını Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında yola salıb.
Baş nazir iki günlük rəsmi səfərini media nümayəndələrinə yekunlaşdırıb. İrakli Kobaxidzenin qeyd etdiyi kimi, Gürcüstan-Macarıstan hökumətlərarası sammiti çərçivəsində bütün istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib, siyasi münasibətlər, eləcə də ticarət-iqtisadi, mədəniyyət, təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafına dair bir sıra memorandumlar imzalanıb.
“Gürcüstan–Macarıstan hökumətlərarası sammiti çərçivəsində bütün istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə etdik. Hökumət praktiki olaraq tam tərkiblə Budapeştə gəlmişdi. Hər bir sahədə əldə olunmuş nailiyyəti, eləcə də gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməyimiz üçün nazirlər həmkarları ilə görüşdülər. Həmçinin, dörd istiqamətdə memorandumlar imzalandı ki, bu da konkret sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Söhbət həm siyasi əməkdaşlığın inkişafından, həm də ticarət-iqtisadi, mədəni əlaqələrin dərinləşdirilməsindən, təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlıqdan gedir. Əslində, müzakirə olunan məsələlər ikitərəfli münasibətlərin inkişafı baxımından maraq doğura biləcək bütün mövzuları əhatə edirdi. Macarıstanın ölkəmizə göstərdiyi xüsusi dəstəyə görə bir daha təşəkkürümü bildirirəm. Macarıstan Avropaya inteqrasiyamızın ən güclü dəstəkçisidir və bunun üçün Macarıstanın Baş nazirinə və hakimiyyətinə təşəkkür edirəm. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da güclənməsi üçün hər şeyi edəcəyik” – İrakli Kobaxidze qeyd edib.
Macarıstana rəsmi səfəri çərçivəsində Karmelit sarayında Gürcüstanın Baş nazirinin rəsmi qarşılanma mərasimi keçirilib. Macarıstanın Baş naziri Viktor Orban gürcü həmkarını təkbətək görüşdə qəbul edib, bundan sonra da iki ölkənin baş nazirlərinin həmsədrliyi ilə Gürcüstan-Macarıstan Hökumətlərarası Sammitinin ikinci iclası keçirilib. Baş nazirlər birgə mətbuat konfransı keçiriblər. Rəsmi səfər çərçivəsində Gürcüstan hökumətinin başçısını Macarıstan Prezidenti Tamaş Şuiok və Milli Assambleyanın sədri Laslo Kover qəbul ediblər.