İrakli Kobaxidze Türkiyənin ticarət naziri ilə görüşüb
İrakli Kobaxidze Türkiyənin ticarət naziri ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Türkiyə Biznes Forumu çərçivəsində Tbilisidə səfərdə olan Türkiyə Respublikasının ticarət naziri Ömer Bolatla görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə iki ölkənin strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb və müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi istiqamətlərdə ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikası qeyd olunub. Regional əhəmiyyətli birgə layihələrə, həmçinin ticarət dövriyyəsinin artımındakı müsbət tendensiyaya toxunulub.

“Regionda sülh və təhlükəsizliyin əhəmiyyətinə xüsusi diqqət yönəldilib. Baş nazir Gürcüstanın dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinə kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib” – baş nazirin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Hökumət başçısı Türkiyə nümayəndə heyətini oktyabrın 22-23-də Tbilisidə keçiriləcək V İpək Yolu Forumuna dəvət edib.

Görüşdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, maliyyə naziri Laşa Xutsişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.