İrakli Kobaxidze Sinqapurda fintex şirkətlərinin nümayəndələri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapura işgüzar səfəri çərçivəsində fintex şirkətlərinin nümayəndələri ilə görüş keçirib. Məlumatı Gürcüstan Hökumət Administrasiyası yayıb.
Hökumət Administrasiyasının məlumatına görə, dəyirmi masa formatında keçirilən görüşdə Baş nazir Gürcüstanın strateji mövqeyini və ölkənin əlaqələndirmənin təmin edilməsində xüsusi rolunu vurğulayıb.
“Baş nazir həmçinin Gürcüstanda mövcud olan əlverişli biznes mühitini, liberal vergi sistemini, proqnozlaşdırıla bilən qanunvericilik çərçivəsini və uzunmüddətli investisiyalar üçün əlverişli şərait yaradan makroiqtisadi sabitliyi qeyd edib.
İrakli Kobaxidze görüş zamanı ölkənin iqtisadi artım göstəriciləri və beynəlxalq reytinqlərdə Gürcüstanın qabaqcıl mövqeləri barədə danışıb, maliyyə sektorunun inkişaf tempini vurğulayıb. O bildirib ki, bütün bunlar ölkədə yeni maliyyə xidmətlərinin tətbiqi və Gürcüstanla Sinqapur biznes nümayəndələri arasında uzunmüddətli tərəfdaşlığın qurulması üçün yaxşı zəmin yaradır.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Gürcüstanın investisiya imkanları barədə təqdimat keçirib. Hökumət başçısı Sinqapur biznes nümayəndələrinin suallarını da cavablandırıb. Görüşdə Sinqapurun 30-a yaxın iri fintex şirkətinin nümayəndələri iştirak edib”, – deyə Hökumət Administrasiyasının yaydığı məlumatda bildirilib.