İrakli Kobaxidze Sinqapurda Changi Airports International şirkətinin baş icraçı direktoru ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze nümayəndə heyəti ilə birlikdə Changi Airports International şirkətinin baş icraçı direktoru Yucin Qan ilə görüş keçirib. Məlumatı Gürcüstan Hökumət Administrasiyası yayıb.
Hökumət Administrasiyasının məlumatına görə, görüşdə Gürcüstanda turizm və aviasiya sahələrinin sürətli inkişaf dinamikasına diqqət yetirilib. Qeyd olunub ki, hazırda ölkədə təxminən 80 aviaşirkət fəaliyyət göstərir və dünyanın 140-dan çox istiqamətinə uçuşlar həyata keçirilir.
“Baş nazir aviasiya infrastrukturunun inkişaf strategiyası və hökumətin artan tələbatı nəzərə alaraq Gürcüstanın beynəlxalq hava limanlarının infrastrukturunun inkişafına yönəltdiyi böyük investisiyalar barədə danışıb.
Tbilisi Beynəlxalq Hava Limanının imkanlarının genişləndirilməsi və Vazianidə yeni beynəlxalq hava limanının tikintisinə xüsusi diqqət ayrılıb. Yeni hava limanı 20 milyon sərnişin üçün nəzərdə tutulacaq və Gürcüstanın Avropa ilə Asiyanı birləşdirən regional aviasiya mərkəzi kimi rolunu gücləndirəcək.
Görüşdə hava limanlarının inkişafı və idarə olunması sahəsində qlobal lider şirkətlərdən biri olan Changi Airports International-in təcrübəsinin bölüşdürülməsi, həmçinin hava limanlarının inkişafı, idarə edilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə olunub”, – deyə Hökumət Administrasiyasının məlumatında bildirilib.