İrakli Kobaxidze Şərqi və Mərkəzi Avropa və Mərkəzi Asiyanın Narkotik Siyasəti Komissiyasının sədri, Polşanın sabiq prezidenti Aleksander Kvaşnievski ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Şərqi və Mərkəzi Avropa və Mərkəzi Asiyanın Narkotik Siyasəti Komissiyasının sədri, Polşanın sabiq prezidenti Aleksander Kvaşnievski ilə görüşüb.
Görüşdə narkotik siyasəti sahəsində regional əməkdaşlıq və mövcud çağırışlar müzakirə olunub.
Narkotiklərin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığa qarşı koordinasiyalı fəaliyyətin, o cümlədən tərəfdaş ölkələr arasında sistematik məlumat mübadiləsinin və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Gürcüstan hakimiyyətinin balanslaşdırılmış narkotik siyasətinin həyata keçirilməsi, o cümlədən profilaktika, müalicə-reabilitasiya, zərərin azaldılması və tədarükün məhdudlaşdırılması baxımından göstərdiyi səy xüsusi qeyd edilib. Bu baxımdan, səhiyyə və reabilitasiya baxımından atılan addımlar, o cümlədən dövlət tərəfindən təxminən 14 000 pasiyentin yararlandığı opioidlər üzrə əvəzedici terapiyanın maliyyələşdirilməsi diqqətə çatdırılıb.
Həmçinin, narkotik cinayətlərinə qarşı mübarizə sahəsində əldə olunan nəticələrə də toxunulub. Qeyd olunub ki, 2026-cı ildə narkotik cinayətlərinə görə 7 438 nəfər barəsində cinayət təqibi başladılıb, narkotiklərin qanunsuz dövriyyəsində müxtəlif formada iştirak edən 1 409 nəfər isə saxlanılıb.
Görüşdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və ictimai sağlamlığın qorunması məqsədilə beynəlxalq əməkdaşlığın, məlumat mübadiləsinin və birgə səylərin əhəmiyyəti qeyd olunub.
Görüşdə Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak edirdi.