İrakli Kobaxidze Qırğızıstan Respublikasının daxili işlər naziri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qırğızıstan Respublikasının daxili işlər naziri Ulan Niyazbekovla görüşüb.
Hökumət Administrasiyasının məlumatına görə, görüşdə Gürcüstan və Qırğızıstan arasında mövcud əməkdaşlıq, eləcə də ikitərəfli münasibətlərin gələcək inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti müzakirə olunub.
Həmçinin qeyd edilib ki, Baş nazir İrakli Kobaxidzenin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm zəmin yaradır.
Görüşdə təhlükəsizlik sahəsində həm ikitərəfli, həm də regional müstəvidə əməkdaşlıq məsələlərinə toxunulub.
Baş nazir Ulan Niyazbekova Qırğızıstan Respublikasının Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsinə görə təşəkkür edib.
Görüşdə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazəşvili də iştirak edib.