İrakli Kobaxidze - Qərargahlarımızın məlumatına görə, bütün bələdiyyələrdə, o cümlədən Tbilisi və böyük şəhərlərdə, “Gürcü Arzusu”nun xeyrinə 70 faizdən yuxarı nəticə qeydə alınır
Qərargahlarımızın məlumatına görə, istisnasız bütün bələdiyyələrdə, o cümlədən Tbilisi və digər böyük şəhərlərdə, “Gürcü Arzusu”nun xeyrinə 70 faizdən yuxarı nəticə qeydə alınır. Xalqın bu qədər yüksək etimadını çox dəyərləndiririk və bir daha söz veririk ki, bu etimadı doğrultmaq üçün maksimum çalışacağıq, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, MSK-nın məlumatına əsasən, seçicilərin fəallığı yüksəkdir və o, vətəndaşlara buna görə təşəkkür edib.
“MSK-nın məlumatına görə, seçkilərdə artıq təxminən 1 milyon 200 min seçici iştirak edib ki, bu da prinsipcə 2014 və 2017-ci illərin seçkilərindəki aktivlik göstəricilərinə uyğun gəlir. “Gürcü Arzusu”nun seçki qərargahı adından artıq seçki məntəqələrinə gəlmiş hər bir seçiciyə təşəkkürümü bildirmək istəyirəm. Bir daha seçicilərə fəallığa çağırış edirəm. Hər bir seçicinin səsi ölkəmizin və hər bir bələdiyyənin dinc və sabit inkişafına öz töhfəsini verir. Biz sevinirik ki, seçkilər sakit şəraitdə keçirilir, seçicinin sakit və hər cür təzyiqdən azad mühitdə seçim etmək imkanı var. Seçki qərargahlarımızın məlumatına görə, “Gürcü Arzusu” bütün bələdiyyələrdə həm mer, həm də bələdiyyə məclisi seçkilərini inamla qazanır. Hətta, qərargahlarımızın məlumatına görə, istisnasız bütün bələdiyyələrdə, o cümlədən Tbilisi və digər böyük şəhərlərdə, “Gürcü Arzusu”nun xeyrinə 70 faizdən yuxarı nəticə qeydə alınır. Xalqın bu qədər yüksək etimadını çox dəyərləndiririk və bir daha söz veririk ki, bu etimadı doğrultmaq üçün maksimum çalışacağıq”, – deyə Kobaxidze qeyd edib.