İrakli Kobaxidze - Qara dəniz sualtı kabeli olmadan enerji resurslarımızdan tam istifadə etmək çətin olardı, Avropa Komissiyasının bu layihəni prioritetlər siyahısına daxil etməsinə şadıq
Qara dəniz sualtı kabeli layihəsini transformativ layihə hesab edirik. Bu layihə həyata keçirilmədən enerji resurslarımızdan tam istifadə etmək çətin olardı – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bu, Gürcüstanın enerji istehsalı sahəsində öz məhsuldarlığını artıracağı birgə maraq doğuran layihədir.
“Qara dəniz sualtı kabeli layihəsini transformativ layihə hesab edirik. Çox iddialı və real layihədir. Texniki-iqtisadi əsaslandırma aparmışıq. Bu layihə texniki baxımdan həyata keçirilə biləndir, buna görə də bu istiqamətə çox nikbin baxırıq. Qara dəniz kabelinin uzunluğu 1155 kilometrdir və Gürcüstanı Avropa enerji bazarı ilə, xüsusilə Cənub-Şərqi Avropa ilə Rumıniya üzərindən birləşdirəcək. Biz enerji istehsalı sahəsində məhsuldarlığımızı artıracağıq və ixrac üçün istehsal olunmuş elektrik enerjimiz olacaq. Avropada digər bazarlara da çıxacağıq. Bu layihə həyata keçirilmədən enerji resurslarımızdan tam istifadə etmək çətin olardı. Bu səbəbdən, bu layihəyə çox böyük əhəmiyyət veririk və Avropa Komissiyasının bu layihəni öz prioritetlər siyahısına daxil etməsinə şadıq. Bu, ümumi maraqlara xidmət edən layihədir və bu layihənin həyata keçirilməsinə daha da nikbin yanaşırıq” – baş nazir bildirib.