İrakli Kobaxidze - Özəl məktəblər 12 illik tədris planını qoruyub saxlaya biləcəklər, dövlət məktəblərində də kimsə 12-ci sinfi oxumaq istəsə, xüsusi siniflər yaradılacaq
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatına əsasən, əgər şagird 12-ci sinfi bitirmək və təhsilini xaricdə davam etdirmək istəsə, bunun üçün hər cür şərait yaradılacaq.
Kobaxidzenin parlamentdə interpelyasiya formatında sualları cavablandırarkən dediyi kimi, özəl məktəblər 12 illik tədris planını qoruyub saxlaya biləcəklər, dövlət məktəblərinə gəlincə isə, təhsilini xaricdə davam etdirmək istəyənlər üçün xüsusi siniflər yaradılacaq.
Baş nazirin izahatına əsasən, şagirdlər üçün heç bir süni maneə yaradılmayacaq və bu istiqamətdə bəyanatlar spekulyativ xarakter daşıyır.
“Təbii ki, ümumi təhsil proqramının məzmunu yenidən nəzərdən keçirilməlidir və son ilin proqramı qəbul imtahanlarının tələblərinə maksimum dərəcədə uyğunlaşdırılmalıdır, biz bunu mütləq edəcəyik. İkincisi – əgər məqsədlərə çatmaq üçün 12 il oxumaq zəruri deyilsə, o zaman, əlbətdə, yaxşı olar ki, 11 ilə keçək. Opponentlərin bu mesaja qarşı yeganə arqumenti o oldu ki, 11 illik təhsil şəraitində şagirdlər xaricdə ali təhsil sistemində təhsili davam etdirmək baxımından çətinlik çəkəcəklər. Heç kim 12 ilin zəruri olub-olmaması, mövcud sistemin yaxşı olub-olmaması barədə danışmırdı, yeganə məsələ, əgər uşaq 12 il oxumasa, xaricdə birinci kursdan universitetə gedə bilməyəcəyi idi. Burada da sadə həllimiz var. Əsas məsələ bu deyil eləmi, əsas odur ki, 11-mi yaxşıdır, yoxsa 12 ilmi? Heç kim bu haqda danışmır, bir daha deyirəm, onun xaricə gedib-getməyəcəyindən söz gedir. Əlbəttə, ümumiyyətlə miqrasiyanın çoxlu mənfi cəhəti var. Birinci kursdan uşaq xaricə oxumağa gedəndə, onların əksəriyyəti ölkəyə artıq qayıtmır. Buna görə də, xaricə getməyin mənfi cəhəti, müsbət cəhətindən çoxdur, lakin, əlbəttə, bu, hər bir şagirdin və valideynin seçimidir. Biz buna daxil ola bilmərik, lakin kimsə təhsilini xaricdə davam etdirmək istəyirsə, burada da müvafiq şərait yaradılmış olacaq. Birincisi, bu tələb özəl məktəblərə şamil edilməyəcək. Özəl məktəblər 12 illik tədris planını qoruyub saxlaya biləcəklər. İkincisi, dövlət məktəblərinə gəlincə, burada da kimsə sonra təhsilini xaricdə asanlıqla davam etdirmək üçün 12-ci sinfi bitirmək istəyirsə, bunun üçün Tbilisi də daxil olmaqla müxtəlif şəhərlərdə xüsusi siniflər yaradılacaq. Hər bir rayonda müvafiq xüsusi siniflər yarada bilərik. Bundan irəli gələrək, kimsə 12-ci sinfi bitirib təhsilini birinci kursdan xaricdə davam etdirmək istəyirsə, bunun üçün bütün şərait yaradılacaq. Müvafiq olaraq, uşaqlar üçün süni maneələrin yaradılması ilə bağlı bəyanatların tamamilə spekulyativ olduğu görünür. Şagirdlər üçün heç bir süni maneə yaradılmayacaq. 12-ci sinfi bitirib təhsilini xaricdə davam etdirmək istəyən hər kəsə bunun üçün imkan verəcəyik” – İrakli Kobaxidze bildirib.