İrakli Kobaxidze – Ötən 12 ay ərzində ölkədən son 10 ildəkindən daha çox qeyri-qanuni miqrant çıxarmışıq, builki plan daha da iddialıdır
Kobud hesablamalara əsasən, ötən ilə olan vəziyyətə görə Gürcüstanda təxminən 20 000 qeyri-qanuni miqrant var idi və biz bu problemlə mübarizə aparmaq üçün prosesləri çox aktiv şəkildə planlaşdırmağa başladıq – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
İrakli Kobaxidzenin qeyd etdiyi kimi, Daxili İşlər Nazirliyində Miqrasiya Departamenti gücləndirilib.
“Ötən 12 ay ərzində Gürcüstandan son 10 ildəkindən daha çox qeyri-qanuni miqrantı çıxarmağa nail olduq. Builki plan daha da iddialıdır, bu il ölkəmizdən minimum 4000 qeyri-qanuni miqrantın çıxarılması planlaşdırılır. Bu isə, nəticə etibarilə, bir neçə illik perspektivdə, hardasa dörd ilə ölkəni bu problemdən tamamilə azad etmək imkanı verəcək, bu da təbii olaraq Gürcüstan üçün çox mühüm vəzifədir” – İrakli Kobaxidze bildirib.