İrakli Kobaxidze – Ölkənin idarəçiliyini gələcəkdə gənclər öz üzərinə götürməlidir, bu istiqamətdə fəaliyyətimizi planlaşdırmaq çox vacibdir

13:28, 10.07.2026

“Gürcü Arzusu” partiyasının gənclər təşkilatının rəhbərləri, sədri və idarə heyətinin üzvləri ilə görüşdə bir çox məsələlər müzakirə olundu, gələcək planlarımızı nəzərdən keçirdik”, – bunu “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze partiyanın ofisində jurnalistlərə bildirib.

Kobaxidzenin sözlərinə görə, görüş zamanı konkret planlar müəyyənləşdirilib.

“Regionlarda keçirilən görüşləri müzakirə etdik. Bir çox məsələlər üzə çıxdı. Həmçinin gənclər təşkilatının fəaliyyəti baxımından gələcək planlarımızı nəzərdən keçirdik. Bu istiqamətdə çox fəal çalışacağıq, xüsusilə növbəti iki il ərzində. Konkret planlar müəyyən etdik və fəal iş davam etdiriləcək”, – deyə Kobaxidze bildirib.

Gənclərin siyasi həyata qoşulub-qoşulmayacağı ilə bağlı suala cavab verən Kobaxidze bildirib ki, gənclərin buna böyük marağı var.

“Əlbəttə, maraq böyükdür. Ümumiyyətlə, gələcəkdə bu ölkənin idarəçiliyini gənclər öz üzərinə götürməlidir. Buna görə də fəaliyyətimizi bu istiqamətdə düzgün planlaşdırmaq çox vacibdir. Bir daha qeyd edirəm ki, növbəti iki il ərzində bu istiqamətdə fəal şəkildə çalışacağıq”, – deyə İrakli Kobaxidze bildirib.

Oxşar