İrakli Kobaxidze Nyu-Yorkda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsi və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq vurğulanıb.
Siyasi və iqtisadi münasibətlərin inkişafındakı müsbət dinamikaya xüsusi diqqət yetirilib. Türkiyənin Gürcüstanın ən böyük ticarət tərəfdaşı olaraq qaldığı qeyd edilib.
Tərəflər regionun inkişafına və əlaqəliliyin gücləndirilməsinə mühüm töhfə verən regional əhəmiyyətli birgə strateji layihələr haqda danışıblar. Bu kontekstdə tam istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd olunub.
Həmçinin, görüşdə nəqliyyat və energetika sahələrində əməkdaşlıq müzakirə edilib.
Regionun dayanıqlı və sabit inkişafı üçün sülhün xüsusi əhəmiyyəti xüsusilə qeyd edilib.