Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.
Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, tərəflər təkbətək görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası çərçivəsində müzakirə olunacaq məsələlər haqda danışıblar.
“Regionda mövcud vəziyyətə və sülh prosesinin gedişatına diqqət yetirilib. İrakli Kobaxidze Gürcüstan hökumətinin dialoqu təşviq etməyə və regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib, bu da ölkələrin gələcək inkişafı üçün zəruridir.
Həmçinin, tərəflər iki ölkə arasında müxtəlif formatlarda yüksək səviyyəli dialoqu və bir çox sahələrdə sıx əməkdaşlığı vurğulayıblar, bu da ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verir.
Görüş zamanı qeyd olunub ki, Hökumətlərarası İqtisadi Komissiyanın növbəti iclası iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin daha da genişlənməsinə və bu baxımdan mövcud potensialdan tam istifadəyə kömək edəcək” – Gürcüstan hökumətinin məlumatında deyilir.
Baş nazir İrakli Kobaxidze erməni həmkarını Gürcüstana rəsmi səfərə dəvət edib.