İrakli Kobaxidze müsəlman icmasını iftara qonaq edib
İrakli Kobaxidze müsəlman icmasını iftara qonaq edib

 

Gürcüstanın rəngarəng, çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik, Gürcüstan hökuməti müsəlman icmasına maksimum dəstək verir və bu dəstək gələcəkdə də davam edəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman icmasının şərəfinə təşkil olunan iftarda çıxışı zamanı bildirib.

Baş nazir müsəlman icmasının ölkənin inkişafına verdiyi töhfədən danışıb.

“Həqiqətən nümunəvi birgəyaşayışa malik olmağımızla fəxr edirik və birlikdə ortaq ölkəmizin gələcəyini yaradırıq. Gürcüstan hökuməti müsəlman icmasına maksimum dəstək verir, xüsusilə 2014-cü ildən sonra və bu dəstək gələcəkdə də davam edəcək. Ötən 10 il ərzində müsəlman icmasına daimi istifadə üçün 250-dən çox məscid verilmiş, eləcə də hökumət tərəfindən maliyyə dəstəyi olaraq 35 milyon lari ayrılmışdır. Əlbətdə, bunların hamısı Gürcüstan hökumətinin müsəlman icmasının Gürcüstanın inkişafındakı töhfəsinə böyük əhəmiyyət verməsinin ifadəsidir” – baş nazir bildirib.

Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşağmadze, Qərbi Gürcüstan müftisi Adam Şantadze, Gürcüstan müsəlmanlarının şeyxi Faiq Nəbiyev və Şərqi Gürcüstan müftisi Etibar Eminov iftara toplaşan müsəlman icması qarşısında çıxış ediblər.

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Tea Axvlediani, Acara Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze, parlament üzvləri, dövlət müvəkkilləri, diplomatik korpusun nümayəndələri Gürcüstanın Baş nazirinin adından müsəlman icmasının şərəfinə təşkil olunan iftarda iştirak ediblər.