İrakli Kobaxidze müsəlman icmasını iftara qonaq edib
İrakli Kobaxidze müsəlman icmasını iftara qonaq edib

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin üzvləri ilə birlikdə müsəlman icmasını iftara qonaq edib.

Kobaxidze müasir, güclü gürcü dövlətinin qurulması prosesində müsəlman icmasının rolundan danışıb və onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

“Bu il də sizi iftar süfrəsində qonaq etmək bizim üçün böyük şərəfdir. Bu toplantı qardaşlığımızın, birliyimizin və qarşılıqlı hörmətimizin sarsılmaz olduğunun daha bir sübutudur. Gürcüstandakı hər bir müsəlmanı, bütün müsəlman icmasını müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. İslam dünyası tezliklə Ramazan bayramını qeyd edəcək. Bu, gürcü dövlətinin sizinlə bölüşdüyü birlik və qardaşlığın böyük bayramıdır. Gücümüz Gürcüstanda, bu torpaqda yaşayan xalqları bağlayan birlikdədir. Bu gün regionda ən çətin hadisələr baş verir və bu fonda Gürcüstanda sünnilərin və şiələrin bir məsciddə birlikdə dua etməsi xüsusilə simvolikdir. Gürcü islamı məhz bununla unikaldır. Düşünürəm ki, bu, dinc birgəyaşayış və ümumi razılıq hər kəs üçün nümunə ola biləcək misaldır. Bir daha vurğulamaq istərdim ki, bu gün Yaxın Şərqdə çətin vəziyyət yaranıb. Dost ölkələrimizə insanların rifahı, tərəqqisi və inkişafı üçün zəruri şərt olan sülhün bərpa olunmasını arzulayıram. Hamınıza sülh arzulayıram” – İrakli Kobaxidze qeyd edib.

Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşağmadze, Qərbi Gürcüstan müftisi Adam Şantadze, Gürcüstan müsəlmanlarının şeyxi Faiq Nəbiyev və Şərqi Gürcüstan müftisi Etibar Eminov iftara toplaşan müsəlman icması qarşısında çıxış ediblər.

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Tea Axvlediani, regional inkişaf naziri Kaxa Quledani, Acara Muxtar Respublikası hökumətinin sədri Sulxan Tamazaşvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani Gürcüstanın Baş nazirinin adından müsəlman icmasının şərəfinə təşkil olunan iftarda iştirak ediblər.

Məlumatı Gürcüstan Hökumətinin Administrasiyası yayır.