İrakli Kobaxidze Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
Gürcüstan hökumətinin məlumatına əsasən, görüşdə Gürcüstan və Müqəddəs Taxt-Tac arasında mövcud zəngin tarixi irsə və xristian mədəniyyətinə əsaslanan dostluq münasibətləri vurğulanıb.
“Dövlət katibi ilə Vatikan və Gürcüstan arasında əməkdaşlıqdan danışdığımız görüş baş tutub. Dostlarımıza ölkəmizə göstərdikləri dəstəyə görə təşəkkür etdik. Ölkəmizin üzləşdiyi və ölkəmizin ətrafında mövcud çağırışlardan danışdıq. Çox maraqlı söhbətlər baş tutdu. Bütün bunlar Gürcüstan və Vatikan arasında çox sıx əməkdaşlığın davam edəcəyinə inamımızı dərinləşdirir” – İrakli Kobaxidze bildirib.
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili, mədəniyyət naziri Tinatin Ruxadze, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və Gürcüstanın Müqəddəs Taxt-Tacdakı fövqəladə və səlahiyyətli səfiri Davit Mekvabişvili görüşdə iştirak ediblər.