İrakli Kobaxidze - Müəyyən qüvvələr ölkədə sevgi əvəzinə nifrət toxumu səpməyə çalışırlar, buna sevgi ilə qarşı çıxmalıyıq, patriarxın Milad məktubunda da buna diqqət yetirilib
Patriarxın Milad məktubunda ilk növbədə imanın əhəmiyyətinə, Tanrının sevgisinin əhəmiyyətinə və qonşuya sevginin əhəmiyyətinə diqqət yetirilmişdir, bu da çox vacibdir, çünki bu gün cəmiyyətdə çatışmayan bir şey varsa, bu, yəqin ki, sevgidir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Müqəddəs Üçlük kafedral məbədində Milad liturgiyası başa çatdıqdan sonra jurnalistlərə deyib.
Hökumət başçısının qiymətləndirməsinə görə, müəyyən qüvvələr süni şəkildə ölkədə sevgi əvəzinə nifrət toxumu səpməyə çalışırlar.
“Biz buna sevgi ilə qarşı çıxmalıyıq və patriarxın Milad məktubunda da buna diqqət yetirilib. Patriarxın bütün Milad məktubları əlbətdə, ilk növbədə ölkəmizin yaşadığı reallığa həsr olunur. Hər zaman belədir və təbii ki, bu gün də belə idi. Tanrıdan və imandan uzaqlaşmış insan müasir dünyanın əsas çağırışlarından və əsas problemlərindəndir. O cümlədən, bütün Gürcüstan miqyasında yayılan çox ağır bir ideologiya var və insanları Tanrıdan, imandan uzaqlaşdıran məhz bu ideologiyadır. Əlbətdə, biz hamımız buna qarşı çıxmalıyıq və bunun üçün imanı, ənənəvi dəyərləri qorumaq lazımdır. Hər birimiz bununla məşğul olmalıyıq. Ümumiyyətlə, müasir dünyanın ciddi çağırışları var. Bu çağırışlar, o cümlədən konkret siyasi ideoloji istiqamətlərlə bağlıdır və hamımız bununla mübarizə aparmalıyıq” – İrakli Kobaxidze bildirib.