İrakli Kobaxidze: Mərkəzi Asiya Gürcüstan üçün xüsusi maraq doğuran regiondur, Türkmənistanı etibarlı tərəfdaş və dost dövlət hesab edirik
Mərkəzi Asiya Gürcüstan üçün xüsusi maraq doğuran regiondur. Bu kontekstdə Türkmənistanı etibarlı tərəfdaş və dost dövlət hesab edirik. Bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi birgə brifinqdə səsləndirib.
Kobaxidze bildirib ki, iki ölkə arasında formalaşan münasibətlər uzunillik dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır ki, bu da əməkdaşlığın daha da inkişafı üçün möhkəm zəmin yaradır.
Baş nazir qeyd edib ki, Gürcüstanda Türkmənistan Prezidentini qəbul etməkdən məmnundur və xatırladıb ki, bu, Türkmənistan prezidentinin Gürcüstana ikinci dövlət səfəridir. Onun sözlərinə görə, ilk belə səfər 2015-ci ildə, ölkəyə Qurbanqulu Berdiməhəmmədovun gəlişi zamanı baş tutub.
Kobaxidze əminliyini ifadə edib ki, Prezident Sərdar Berdiməhəmmədovun səfəri Gürcüstan-Türkmənistan münasibətlərinin daha da inkişafına mühüm töhfə verəcək. O bildirib ki, tərəflər birgə bəyanat, müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlər və qarşılıqlı anlaşma memorandumları imzalayıblar. Baş nazirin sözlərinə görə, bu sənədlər iki ölkə arasında mövcud əlaqələri daha da möhkəmləndirəcək.
Kobaxidze əlavə edib ki, prezidentlə təkbətək görüş zamanı Gürcüstan-Türkmənistan münasibətlərinin əsas istiqamətləri, eləcə də regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunub.