İrakli Kobaxidze Mariam Kvrivişvili və Zurab Pataradze ilə birlikdə Batumi Dövlət Dəniz Akademiyasında yenilənmiş tədris və təlim infrastrukturuna baxış keçirib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Acara Muxtar Respublikası hökumətinin sədri Zurab Pataradze ilə birlikdə Batumi Dövlət Dəniz Akademiyasında yenilənmiş tədris və təlim infrastrukturuna baxış keçirib.
Həyata keçirilən dəyişikliklər barədə hökumət başçısına və nazirə akademiyanın rektoru Murtaz Devadze məlumat verib.
Akademiyada naviqasiya körpüsü, yük dövriyyəsi və dayanıqlılıq, habelə maşın bölməsinin tədris simulyatorları yenilənib, bu da təhsil müəssisəsinin tələbələrinə müasir beynəlxalq standartlara uyğun praktiki hazırlaşmaq imkanı verir. Həmçinin yanğın təhlükəsizliyi və dənizdə xilasolma üzrə yeni məkan istifadəyə verilib.
Hökumət başçısı Batumi Dəniz Akademiyasının xüsusi əhəmiyyətini vurğulub və qeyd edib ki, onun gücləndirilməsi təhsil sistemi islahatının ən mühüm komponentlərindən biri olacaq.
“Batumi Dəniz Akademiyasında iqtisadi baxımdan çox mühüm resurs formalaşır. Dənizçilərimiz iqtisadiyyatımızın inkişafına çox böyük töhfə verirlər və müvafiq olaraq, gələcəkdə də bu ali təhsil müəssisəsinin fəaliyyətinə diqqəti əsirgəməyəcəyik. İslahatın ən mühüm komponentlərindən biri bu müəssisənin gücləndirilməsi olacaq” – İrakli Kobaxidze bildirib.
Baş nazir, həmçinin Akademiyada gələcəkdə planlaşdırılan layihələrlə də tanış olub. Qeyd olunub ki, Batumi Dəniz Akademiyasının binaları tam bərpa ediləcək və infrastrukturu müasir standartlara uyğun şəkildə yenilənəcək.