İrakli Kobaxidze Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edir. Sammitdə iştirak edən 40-a yaxın dövlətin liderinə Macarıstanın Baş naziri Viktor Orban ev sahibliyi edir.
Gürcüstanın Baş naziri sammitin əhəmiyyətini vurğulayıb və tədbir çərçivəsində çıxışı zamanı, eləcə də avropalı liderlərlə Gürcüstanda gedən proseslər və Gürcüstan-Avropa İttifaqı münasibətlərindən danışacağını qeyd edib.
“Bu tədbirin Amerikanın prezident seçkilərindən az sonra Budapeştdə, Macarıstanın ev sahibliyi ilə keçirilməsi xüsusilə maraqlıdır. Tematik paneldə, eləcə də ölkəmizlə və ölkəmiz ətrafında cərəyan edən hadisələrlə əlaqəli mesajların səslənəcəyi yekun plenar sessiyada çıxış edəcəyəm. Həmçinin, Gürcüstan-Avropa İttifaqı münasibətləri baxımından maraqlı olan bütün mövzularda bizim avropalı liderlərlə danışmaq imkanımız olacaq. O cümlədən, Gürcüstanın xarici siyasət prioriteti olan Avropa İttifaqına inteqrasiyadan bəhs edəcəyik. Gürcüstanda gedən proseslərdən və Gürcüstan-Avropa İttifaqı münasibətlərindən danışacağıq” – İrakli Kobaxidze bildirib.
Avropanın təhlükəsizlik çağırışları Avropa Siyasi Birliyinin beşinci sammitində müzakirə olunacaq əsas mövzudur. Sammit çərçivəsində tematik müzakirələr nəzərdə tutulub.
Baş nazir əsas mövzusu iqtisadi təhlükəsizlik və əlaqələndiricilik olan panel müzakirəsində, eləcə də sammitin yekun plenar sessiyasında çıxış edəcək.
Avropa Siyasi Birliyinin beşinci sammitində Gürcüstanın hökumət başçısı xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə iştirak edir.