İrakli Kobaxidze – Kobud siyasi bəyanatlar eşidirik, konkret səfirlərin Konstitusiya Məhkəməsindən cari işlərlə bağlı izahatlar almağa necə çalışdığını görürük, bu da Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir
Ötən illər ərzində Gürcüstanın Konstitusiya Məhkəməsinin işinə müdaxilə etmək və onun müstəqilliyini pozmaqla əlaqədar bir sıra cəhdlərin şahidi olduq – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Konstitusiya Məhkəməsinin 30 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı açıqlayıb.
“Bu cəhdlərin arxasında vaxtilə Konstitusiya Məhkəməsinin müstəqilliyini avtoritar rejimin təsir vasitələrindən istifadə edərək pozan həmin siyasi qüvvə dayanır. Bundan başqa, bu cəhdlərin arxasında avtoritar rejim tərəfindən Konstitusiya Məhkəməsinin müstəqilliyinin pozulmasına vaxtilə yaşıl işıq yandıran həmin xarici qüvvələr dayanır” – İrakli Kobaxidze açıqlayıb.
O, Gürcüstanın Konstitusiya Məhkəməsinin bu gün də bir çox çağırışlarla üz-üzə olduğunu və bu çağırışlar arasında ən mühümlərindən birinin məhkəmənin müstəqilliyinin qorunması olduğunu deyib.
“Bu gün həm ölkə daxilində, həm də ölkədən kənarda Konstitusiya Məhkəməsinin baxdığı işlərlə bağlı tez-tez kobud siyasi bəyanatlar eşidirik. Konkret səfirlərin Konstitusiya Məhkəməsindən cari işlərlə bağlı izahatlar almağa necə çalışdığını görürük, bu da Vyana Konvensiyasının kobud şəkildə pozulması və Gürcüstanın Konstitusiya Məhkəməsinə təzyiq göstərmək üçün kobud cəhd kimi qiymətləndirilməlidir” – İrakli Kobaxidze qeyd edib.
Onun sözlərinə əsasən, çağırışlara baxmayaraq, Konstitusiya Məhkəməsinin bu gün Gürcüstanın Konstitusiyasının sarsılmazlığının və Gürcüstanda insan hüquqlarının qorunmasının ləyaqətli zəmanətçisi kimi fəaliyyət göstərməsi vacibdir.
“Bunun üçün Konstitusiya Məhkəməsinin hər bir hakimi gürcü cəmiyyətindən böyük təşəkkürə layiqdir. Məhkəmənin düzgün fəaliyyət göstərməsində çox vacib rol oynayan Konstitusiya Məhkəməsinin aparat əməkdaşlarına təşəkkür etmək istəyirəm. Gürcüstan hökuməti Konstitusiya Məhkəməsinin müstəqilliyinin qorunması və səmərəli fəaliyyətinin təmin edilməsi üçün qayğı göstərir və gələcəkdə də sarsılmaz şəkildə qayğı göstərəcək. Konstitusiya Məhkəməsinin hakimlərini və ölkəmizin vətəndaşlarını bir daha Konstitusiya Məhkəməsinin 30 illik yubileyi münasibətilə təbrik edirəm. Konstitusiya Məhkəməsinə Gürcüstana xidmətdə, Gürcüstanın Konstitusiyasının və insan hüquqlarının qorunması kimi son dərəcə məsuliyyətli və şərəfli işdə uğurlar arzulayıram” – baş nazir açıqlayıb.