İrakli Kobaxidze Çin Xalq Respublikasının vitse-prezidenti Xan Cenq ilə görüşüb

21:18, 06.11.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze nümayəndə heyəti ilə birlikdə rəsmi səfərlə Gürcüstana gələn Çin Xalq Respublikasının vitse-prezidenti Xan Cenq ilə görüşüb.

 

Gürcüstanın Baş naziri Çindən Gürcüstana yüksək səviyyəli nümayəndə heyətinin səfərinin xüsusi əhəmiyyətini vurğulayıb və vitse-prezident Xan Cenqə təşəkkürünü bildirib.

 

“Biz ölkələrimiz arasında formalaşmış tərəfdaşlıq və dostluğa xüsusi əhəmiyyət veririk. Çinin Gürcüstana olan münasibətini yüksək qiymətləndiririk və sizin Gürcüstana səfəriniz də bu münasibətin növbəti təzahürüdür. Diplomatik münasibətlərimizin 34 yaşı var və şadıq ki, diplomatik münasibətlərin 34-cü ildönümündə Çin Xalq Respublikası ilə Gürcüstan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalandı. Şadıq ki, bu sazişin konkret nəzərəçarpan nəticələri var. Bir neçə il əvvəl ölkələrimiz arasında strateji tərəfdaşlıq sazişi imzalanıb və həmin vaxtdan bəri müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlərdə çox böyük irəliləyiş əldə etmişik. Ölkələrimiz arasında siyasi əməkdaşlığın dərinləşdirilməsinə çox böyük əhəmiyyət veririk. Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyiniz dəstəyə görə minnətdarıq və “Vahid Çin prinsipi”nə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Aramızda siyasi əməkdaşlığın dərinləşməsi bizim üçün son dərəcə vacibdir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına xüsusi önəm veririk və şadıq ki, bu baxımdan da çox müsbət dinamikamız və artan göstəricilərimiz var. İldən-ilə ölkələrimiz arasında ticarət-iqtisadi tərəfdaşlıq böyüyür, lakin marağımız bu əməkdaşlığın gələcəkdə daha da dərinləşməsidir. Şadıq ki, cari ilin göstəricilərinə görə Çin Gürcüstanın ən böyük investoruna çevrilib, bu da Çin biznesinin, Çin tərəfinin Gürcüstandakı iqtisadi mühitə olan möhkəm etibarını sübut edir. Bu görüş bizə ikitərəfli əməkdaşlığın sonrakı inkişafı məsələlərini müzakirə etməyə imkan verir. Biz, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tərəfdaşlığı maksimum dərəcədə dərinləşdirməkdə maraqlıyıq” – İrakli Kobaxidze açıqlayıb.

 

Baş nazir görüşdə Gürcüstanın strateji mövqeyinə diqqət yönəldib.

 

“Biz təbii olaraq Avropa ilə Asiyanı, Qərb ilə Şərqi bir-birinə bağlayırıq və bu baxımdan da ölkələrimiz arasında münasibətlərin sonrakı inkişafının çox maraqlı olduğunu fikirləşirik. Həmçinin bir çox digər sahələrdə, mədəniyyət, təhsil, elm, idman, səhiyyə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığı dərinləşdirməkdə maraqlıyıq. Şadıq ki, bu sahələrdə də çox müsbət dinamika var və ölkələrimiz, müvafiq qurumlarımız arasında münasibətlər daim inkişaf edir. Bizim üçün Çin ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Müasir dünyada Çin bütövlüklə tərəqqiyə, modernləşməyə, irəliləyişə və inkişafa yönəlmiş yeganə sülhsevər fövqəldövlətdir. Müvafiq olaraq, biz ölkələrimiz arasında xüsusi dəyər əlaqəsi görürük və təbii ki, bu dəyər təməli bizə ikitərəfli münasibətlərin sonrakı inkişafının qayğısına qalmaq üçün xüsusi motivasiya verir. Cənab vitse-prezident, əminəm ki, səfəriniz ikitərəfli münasibətlərimizin inkişafına yeni təkan verəcək. Biz əməkdaşlığı dərinləşdirmək üçün hər şeyi etməyə hazırıq” – İrakli Kobaxidze qeyd edib.

 

Çin Xalq Respublikasının vitse-prezidenti Xan Cenq Gürcüstan hökumətinə səmimi qonaqpərvərliyə görə təşəkkür edib və səfərinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

“Son illər ərzində ölkəmizin liderləri ikitərəfli münasibətlərin inkişafını dəstəkləyiblər. İyunda prezident Si Dzinpin və prezident Ğavelaşvili görüşdülər və hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyanat verildi. Gələn il Gürcüstan və Çin arasında diplomatik münasibətlərin 35 illiyi qeyd olunacaq. Strateji münasibətlər getdikcə möhkəmlənir və arzumuz onun daha da inkişaf etməsidir. Ümid edirik ki, gələcəkdə də Gürcüstanla dostluq, tərəfdaşlıq və əməkdaşlığı davam etdirəcəyik. İkitərəfli münasibətlərin inkişafına qarşılıqlı dəstək xüsusilə vacibdir və hərtərəfli strateji tərəfdaşlığın əsas prinsipidir. Uzun müddətdir Gürcüstan “Vahid Çin” prinsipini dəstəkləyir və Çin də Gürcüstanın suverenliyini, təhlükəsizliyini və ölkənin inkişaf maraqlarını dəstəkləyir. Biz qarşılıqlı faydalı əməkdaşlığın, o cümlədən iqtisadi istiqamətdə inkişafını dəstəkləyirik. Bizim yeni imkanlar yaradacaq iqtisadi inkişaf planımız var” – Xan Cenq qeyd edib.

 

Gürcüstan Hökumət Administrasiyasında keçirilən geniş tərkibli görüşdə iki ölkənin hökumət üzvləri iştirak edirdilər.

Oxşar