İrakli Kobaxidze İsveçrə Konfederasiyasının vitse-prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kasis ilə görüşüb

23:05, 22.09.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İsveçrə Konfederasiyasının vitse-prezidenti, xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kasis ilə görüşüb.

Görüşdə tərəflər Gürcüstan və İsveçrə Konfederasiyası arasında qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan əməkdaşlıqdan həm ikitərəfli, həm də çoxşaxəli formatlarda danışıblar. Siyasi, iqtisadi, xalqlararası və parlamentlərarası əlaqələrin inkişafının müsbət dinamikası vurğulanıb.

Baş nazir Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, eləcə də işğal olunmuş ərazilərin tanınmaması siyasətinə verdiyi dəstəyə görə İsveçrə Konfederasiyasına təşəkkürünü bildirib. Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərin olmadığı şəraitdə İsveçrənin vasitəçi kimi mühüm rolu xüsusi qeyd olunub.

Həmçinin İqnasio Kasisin ATƏT-in fəaliyyətdə olan sədri qismində oktyabr ayında Gürcüstana planlaşdırılan səfərinə toxunulub. Qeyd olunub ki, Gürcüstan dialoqu dəstəkləyən və beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşan ATƏT-in konstruktiv və məsuliyyətli iştirakçı dövləti olaraq qalır.

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə vitse-baş nazir, xarici işlər naziri Maka Bocorişvili, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Davit Bakradze iştirak ediblər.

Məlumatı Gürcüstanın Hökumət Administrasiyası yayır.

Oxşar