İrakli Kobaxidze - İqtisadi münasibətlərdə, xüsusən də qonşu dövlətlər arasında, daim inkişaf potensialı var və bu potensialdan maksimum dərəcədə yararlanmaq bizim üçün əsasdır
İrakli Kobaxidze - İqtisadi münasibətlərdə, xüsusən də qonşu dövlətlər arasında, daim inkişaf potensialı var və bu potensialdan maksimum dərəcədə yararlanmaq bizim üçün əsasdır

 

Bu gün baş nazir Paşinyanla çox maraqlı ikitərəfli görüşüm oldu. Biz ikitərəfli əməkdaşlıq məsələlərindən, çoxtərəfli əməkdaşlığın aktual mövzularından danışdıq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Respublikası və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası başa çatdıqdan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatlar zamanı deyib.

Hökumət başçısı bildirib ki, tərəflər regionda və ümumiyyətlə, dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

“Əlbəttə, müasir dünya çağırışlarla doludur və məhz bu çağırışlar nəzərə alınmaqla da, ölkələrimiz arasında sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Biz birlikdə ölkələrimizin milli maraqlarının qorunmasının qayğısına qala bilərik. Ətrafımızda gedən proseslər ölkələrimizin siyasi mövqelərinə təsir edir və bir daha deyim ki, bu baxımdan da əməkdaşlığımız olduqca mühümdür. Gürcüstan ölkələrimizin inkişafı və rifahı üçün zəruri şərt olan regionda sabitliyin və sülhün bərqərar olmasını dəstəkləməyə və ona töhfə verməyə hər zaman hazır olduğunu deyib. Biz regionda sülhün və inkişafın təşviqi üçün gələcəkdə də hər şeyi etməyə hazırıq. Bizim bir-birimizin strateji maraqlarına, bir-birimizin suverenliyinə, ərazi bütövlüyünə hörmət etməyimiz olduqca mühümdür və bu fürsətdən istifadə edərək, bir daha baş nazirə, erməni dostlarımıza suverenliyimizə və ərazi bütövlüyümüzə verdikləri güclü dəstəyə görə təşəkkür etmək istəyirəm” – baş nazir bildirib.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, Gürcüstan-Ermənistan münasibətlərində ikitərəfli ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur və bugünkü komissiyanın iclasında əsas müzakirə mövzusu iqtisadi tərəfdaşlıq olub.

“İllər ərzində bizdə bu istiqamətdə müsbət tendensiya müşahidə olunmasına şadıq. Əlbətdə, ticarət-iqtisadi münasibətlərdə, xüsusən də qonşu dövlətlər arasında, daim inkişaf potensialı var və bu potensialdan maksimum dərəcədə yararlanmaq bizim üçün əsasdır. Əlbətdə, biz həm ikitərəfli görüşümüzdə, həm də komissiyanın bugünkü iclasında da bu mövzular haqda danışdıq. Sonda bir daha qeyd etmək istərdim ki, bizim əlaqələrimizin, əməkdaşlığımızın çox möhkəm təməli, eləcə də çox böyük perspektivləri var. Əlbəttə, biz bu təməli ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da möhkəmləndirməyə və gücləndirməyə hazır olduğumuzu bir daha ifadə edəcəyik. Buradaca, mən bir daha baş nazir Paşinyanı ölkəmizə səfərə dəvət etmək istərdim. Bu səfər mümkün qədər tez baş tutsa, çox şad olardım. Səmimi qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm” – hökumət başçısı bildirib.