İrakli Kobaxidze – Gürcüstanın milli maraqlarına qarşı çıxan hər kəs qanun qarşısında cavab verəcək. Bu gün dövlət əvvəlkindən daha güclüdür
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, sosial şəbəkələrdə Gürcüstanda rusiyalı turistlər üçün guya mənfi mühitin yaradıldığı barədə saxta məzmun yayılır.
Baş nazir jurnalistlərə bildirib ki, sosial mediada mövcud olmayan ad, soyad və peşələrlə təqdim edilən saxta profillər Gürcüstanda rusiyalı turistlərə qarşı mənfi münasibətin formalaşdığı barədə əsassız məlumatlar yayırlar.
“Bu da olduqca maraqlıdır. Burada da ölkəyə qarşı açıq sabotajdan söhbət gedir və bunun üçün sosial mediadan çox fəal şəkildə istifadə olunur. Koordinasiya xarici ölkələrdən birinin platforması vasitəsilə həyata keçirilir, burada isə yerli agentura bu kampaniyanı dəstəkləyir. Sosial şəbəkələrdə tamamilə saxta məzmun yaradılır. Mövcud olmayan insanlar, belə ad, soyad və peşəsi olmayan şəxslər Gürcüstanda rusiyalı turistlər üçün guya mənfi mühitin yaradıldığını iddia edirlər. Bunun yeganə məqsədi öz ölkəsinə qarşı sabotajdır. Əlbəttə, bizim qapımız bütün turistlərin üzünə açıqdır. Bu, açıq şəkildə deyilməlidir. Gürcüstanda hər bir turist üçün lazımi şəraitin yaradılması istiqamətində hər şeyi edəcəyik. Bu, bizim mədəniyyətimiz, ənənəmiz və ölkəmizin iqtisadi maraqlarının tələb etdiyi yanaşmadır”, – deyə Kobaxidze bildirib.
Baş nazir başlanılan istintaqın mümkün nəticələri ilə bağlı suala da cavab verib.
“Bu, əlbəttə ki, çox vacibdir. Hər kəs bilməlidir ki, Gürcüstana qarşı sabotajla məşğul olan hər kəs qanun qarşısında cavab verəcək. Bu baxımdan işin başlanması və istintaqın aparılması çox önəmlidir. Daha da vacibi odur ki, bu istintaq sona qədər çatdırılsın. Bir daha təkrar edirəm: öz ölkəsinə qarşı sabotajla məşğul olan, Gürcüstanın milli maraqlarına qarşı çıxan hər kəs bilməlidir ki, qanun onları tapacaq. Bu, mütləq belə olacaq, çünki bu gün dövlət əvvəlkindən daha güclüdür. Biz Gürcüstanın milli maraqlarına qarşı yönəlmiş bütün cəhdlərə qarşı mübarizə aparacağıq”, – deyə İrakli Kobaxidze vurğulayıb.