İrakli Kobaxidze Gürcüstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvili ilə görüşüb
Baş nazir İrakli Kobaxidze Gürcüstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvili ilə görüşüb. Məlumatı Hökumət Administrasiyasının mətbuat xidməti yayır.
Kobaxidze diplomatı vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycanla strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün səfirin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Qiorqi Zakaraşvili Azərbaycan Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyətinə oktyabrın 1-dən başlayacaq.
O, Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir.
2021-ci ildən Qiorqi Zakaraşvili Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri və GUAM-dakı daimi nümayəndəsi olub, 2016-2019-cu illərdə Rusiya Federasiyasında İsveçrə Konfederasiyasının Səfirliyində Gürcüstan Maraqları Bölməsinin fövqəladə və səlahiyyətli elçisi vəzifəsində çalışıb, 2012-2016-cı illərdə isə Gürcüstanın Ukraynadakı Səfirliyinin və GUAM-dakı daimi nümayəndəliyinin fövqəladə və səlahiyyətli elçisi olub. Ona fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilib.