İrakli Kobaxidze: Gürcüstanda süni şəkildə inqilab təşkil etmək cəhdlərinin hamısı uğursuzluqla nəticələnib və gələcəkdə də belə olacaq

15:40, 13.07.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə süni şəkildə inqilab təşkil etmək cəhdlərinin hamısı uğursuzluqla nəticələnib və gələcəkdə də belə olacaq.

Baş nazir bu barədə Hökumət Administrasiyasında keçirilən brifinqdə jurnalistin sualını cavablandırarkən danışıb.

Kobaxidzenin sözlərinə görə, müxalifət xarici qüvvələrin diktəsi ilə hərəkət edir.

“Onlar dəfələrlə gürcü xalqını aldatmağa cəhd göstəriblər, lakin buna heç vaxt nail ola bilməyiblər. Cəmiyyətin müəyyən hissəsini müxtəlif vaxtlarda çaşdırmağa çalışıblar. Məsələn, 2022-ci ilin iyununda Gürcüstana Aİ-yə namizəd statusu verilməyəndə, daha sonra “Şəffaflıq haqqında qanun”ı “Rusiya qanunu” kimi təqdim edəndə, 2024-cü il parlament seçkilərinin nəticələrini tanımayanda və özlərinin dayandırdığı Avropaya inteqrasiya prosesinin guya bizim tərəfimizdən dayandırıldığını iddia edəndə. Həmçinin, 2025-ci il oktyabrın 4-də hakimiyyətin devrilməsi cəhdini açıq şəkildə dəstəkləyəndə də eyni yanaşmanı nümayiş etdirdilər. Bütün bu hallarda onlar gürcü xalqını aldada bilmədilər və gələcəkdə də buna nail ola bilməyəcəklər. Buna görə də öz siyasi kurslarına yenidən baxmalıdırlar. Lakin əsas problem ondadır ki, onlar suveren şəkildə deyil, xarici qüvvələrin göstərişləri ilə hərəkət edirlər”, – deyə İrakli Kobaxidze bildirib.

Oxşar