İrakli Kobaxidze - Gürcüstan və Ermənistanı çoxillik dostluq və əməkdaşlıq bağlayır və bu dostluq və əməkdaşlığın strateji tərəfdaşlığa çevrilməsinə şadıq
Ölkələrimizi çoxillik dostluq və əməkdaşlıq bağlayır və bu dostluq və əməkdaşlığın ölkələrimiz arasında strateji tərəfdaşlığa çevrilməsinə şadıq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Respublikası və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası başa çatdıqdan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə keçirilmiş mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, ölkələr arasında ikitərəfli səfərlərin tezliyi gürcü tərəfinin münasibətlərin daha da dərinləşməsi baxımından xüsusi marağından xəbər verir.
“Bu bir il ərzində artıq ikinci dəfə Yerevanda olmaqdan şadam. Əlbətdə, ikitərəfli səfərlərimizin tezliyi gürcü tərəfinin münasibətlərin daha da dərinləşməsi baxımından xüsusi marağımızdan xəbər verir.
Mən səmimi qonaqpərvərliyə görə baş nazir Paşinyana, erməni dostlarımıza çox təşəkkürümü bildirmək istəyirəm. Bir daha xüsusilə qeyd etmək istərdim ki, ölkələrimizi çoxillik dostluq və əməkdaşlıq bağlayır və bu dostluq və əməkdaşlığın ölkələrimiz arasında strateji tərəfdaşlığa çevrilməsinə şadıq. Bu tərəfdaşlıq və birgə səylərimiz regionumuz üçün, onun təhlükəsizliyi, sabitliyi, rifahı və davamlı inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Bu gün Ermənistan Respublikası və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirildi və iclas səmərəli və məhsuldar oldu. Nümayəndə heyətimizi yüksək səviyyədə qəbul etdiyinə görə erməni tərəfinə təşəkkür etmək istərdim.
Qeyd edilməlidir ki, komissiyanın iclaslarının mütəmadi keçirilməsi ikitərəfli əməkdaşlığın sonrakı inkişafı və ötən il imzalanmış “Strateji Tərəfdaşlıq Bəyannaməsi”ndə yer alan məqsədlərə nail olunması üçün çox mühüm amildir.
Ölkələrimiz arasında müstəsna əlaqələr təkcə coğrafi yaxınlıqdan irəli gəlmir. Komissiyanın iclasında dediklərimi bir daha təkrar etmək istərdim – bizim tərəfdaşlığımız xalqlarımız arasında yaranmış tarixi dostluq timsalında çox möhkəm təmələ malikdir. Bu, bizim münasibətlərimizin əsas təməlidir. Bu, gürcü və erməni xalqları arasında çoxəsrlik əlaqə və dostluqdur. Ölkələrimiz və hökumətlərimiz arasında qarşılıqlı hörmət məhz buna əsaslanır” – baş nazir bildirib.