İrakli Kobaxidze – Gürcüstan və Cənubi Qafqaz regionu Avropa üçün Şərqlə əlaqələndirici yeganə marşrut olaraq qalır, məhz bu səbəbdən güclü əlaqələrin qorunub saxlanılması Avropanın özü üçün də son dərəcə mühümdür
Gürcüstan və Cənubi Qafqaz regionu Avropa üçün Şərqlə əlaqələndirici yeganə marşrut olaraq qalır. Məhz bu səbəbdən, iqtisadi baxımdan, təkcə Gürcüstan üçün deyil, Avropanın özü üçün də Avropa İttifaqı ilə Gürcüstan arasında sıx əməkdaşlığın və güclü əlaqələrin qorunub saxlanılması son dərəcə mühümdür – Gürcüstan Hökumət Administrasiyasının məlumatına əsasən, bu barədə baş nazir İrakli Kobaxidze Dublində Beynəlxalq və Avropa İşləri İnstitutunda keçirilən və əsas mövzusu Gürcüstanın Avropa arxitekturasındakı rolu olan müzakirədə çıxışı zamanı açıqlayıb.
Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan dənizə birbaşa çıxışı olmayan yeddi ölkəni Qara dənizlə və müvafiq olaraq, Qərb dünyası və Avropa ilə birləşdirir.
“Diqqəti yönəltmək istədiyim məsələ Gürcüstanın strateji roludur, xüsusilə də əlaqəlilik nöqteyi-nəzərdən. Bu istiqamətdə də Avropa üçün arzuolunmaz olan və onun iqtisadiyyatına mənfi təsir göstərən tendensiyaların şahidi oluruq. Avropa Şərq istiqamətində mövcud olan müəyyən nəqliyyat və iqtisadi marşrutlarını itirib. Bununla yanaşı, Avropa və Asiya arasında əlaqəlilik Avropanın iqtisadi imkanlarını gücləndirmək üçün xüsusi əhəmiyyət daşıyır. Ukraynada müharibə başladıqdan sonra Avropa, xüsusən də Avropa İttifaqı, Avropa iqtisadiyyatı üçün mühüm rol oynayan Rusiya bazarı ilə əlaqəsini itirdi. Avropa, həmçinin ucuz təbii resurslara çıxışını itirdi. Bununla yanaşı, görürük ki, Yaxın Şərqdəki cari münaqişə hələ də davam edir və o da Avropanın Şərq istiqamətindəki əlaqəliliyinə mənfi təsir edir. Bu şəraitdə Gürcüstan və Cənubi Qafqaz regionu Avropa üçün Şərqlə əlaqələndirici yeganə marşrut olaraq qalır. Məhz bu səbəbdən, iqtisadi baxımdan, təkcə Gürcüstan üçün deyil, Avropanın özü üçün də Avropa İttifaqı ilə Gürcüstan arasında sıx əməkdaşlığın və güclü əlaqələrin qorunub saxlanılması son dərəcə mühümdür. Gürcüstan dənizə birbaşa çıxışı olmayan yeddi ölkəni Qara dənizlə və müvafiq olaraq, Qərb dünyası və Avropa ilə birləşdirir. Bunlar Qara dənizə çıxışı olmayan Cənubi Qafqazın iki ölkəsi və Mərkəzi Asiyanın beş dövlətidir. Daha uzağa nəzər salsaq, bu marşrut vasitəsilə Avropa Çin və digər ölkələrlə də əlaqə yarada bilər” – İrakli Kobaxidze açıqlayıb.
O, Gürcüstanın bu regionu artıq Avropa ilə birləşdirən mühüm strateji layihələrinin olduğunu deyib.
“Məsələn, Xəzər regionundan təbii qaz və neftin Avropa İttifaqına üzv dövlətlərə tədarük edildiyi strateji boru kəmərləri. Bunlardan biri Avropa İttifaqına üzv ölkələr üçün təbii qazın tədarükünü təmin edən Bakı-Tbilisi-Erzurum qaz kəməridir. İkincisi neftin Avropa ölkələrinə tədarük edildiyi Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bunlar yalnız bir neçə nümunədir” – baş nazir açıqlayıb.