İrakli Kobaxidze – Gürcüstan və Azərbaycan dəfələrlə sübut ediblər ki, etibarlı tərəfdaşdırlar, o cümlədən beynəlxalq energetika və nəqliyyat layihələrində
İrakli Kobaxidze – Gürcüstan və Azərbaycan dəfələrlə sübut ediblər ki, etibarlı tərəfdaşdırlar, o cümlədən beynəlxalq energetika və nəqliyyat layihələrində

Bu günkü görüş çərçivəsində həm ikitərəfli münasibətlərə, həm də bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyinə aid məsələləri ətraflı müzakirə etdik, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi brifinqdə bildirib.

Hökumət başçısı Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə diqqət yetirib.

“Bu kontekstdə Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini bir daha alqışlamaq istəyirik. Gürcüstan regionda sülh şəraitində birgəyaşayışı, konstruktiv əməkdaşlığı və yeni təşəbbüsləri qətiyyətlə dəstəkləyir. Zərurət yarandıqda, biz hər zaman bu münasibətlərin inkişafına öz müsbət töhfəmizi verməyə hazırıq. Dialoqa və sülh prosesinə dəstək verməyə hazırıq.

Cənubi Qafqaz ölkələrinin əməkdaşlığı bütövlükdə regionumuz üçün yeni perspektivlər yaradır. Biz qlobal siyasi dəyişiklikləri izləyirik və bu dəyişikliklər Orta Dəhlizin, o cümlədən Qara dəniz və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır.

Ölkələrimiz Asiya ilə Avropanı birləşdirən körpülər kimi əlaqəlilik baxımından mühüm rol oynayır və bu kontekstdə nəqliyyat və logistika infrastrukturunun inkişafı və modernləşdirilməsinə xüsusi önəm veririk.

Gürcüstan və Azərbaycan dəfələrlə sübut ediblər ki, etibarlı və məsuliyyətli tərəfdaşlardır, o cümlədən beynəlxalq energetika və nəqliyyat layihələrində”, – deyə Baş nazir bildirib.