İrakli Kobaxidze Gürcüstan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyasının 6-cı iclası çərçivəsində Tbilisidə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyasının 6-cı iclası çərçivəsində Tbilisidə olan Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.
Gürcüstan hökumətinin məlumatına əsasən, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinə diqqət yetirilib.
“İkitərəfli ticari-iqtisadi əlaqələrin daha da inkişafında Birgə İqtisadi Komissiyanın rolu qeyd olunub. Söhbət zamanı əlaqələrin güclənməsinə töhfə verən regional və strateji əhəmiyyətli infrastruktur layihələrini müzakirə ediblər. Görüşdə həmçinin regionda gedən proseslərə və Cənubi Qafqazda sülhün xüsusi əhəmiyyətinə diqqət yönəldilib. Baş nazir bir daha təsdiqlədi ki, Gürcüstan hökuməti dialoqun təşviqinə və bu yolla bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin edilməsinə hazırdır” – Gürcüstan hökumətinin məlumatında deyilir.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Gürcüstanın infrastruktur naziri Revaz Soxadze və Gürcüstanın Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani görüşdə iştirak ediblər.