İrakli Kobaxidze – Gürcüstan ATƏT-in bir çox ölkəsinə demokratiyanı öyrədə bilər, Gürcüstan hakimiyyəti gürcü xalqının iradəsinə uyğun hərəkət edir və gələcəkdə də belə edəcək
Gürcüstan demokratik dövlətdir və ATƏT-ə üzv bir çox ölkəyə, o cümlədən “Moskva mexanizmi”nin təşəbbüskarlarından olan bir sıra ölkələrə demokratiyanı, insan hüquqlarını, tolerantlığı, toplaşma azadlığını, media azadlığını, media plüralizmini, siyasi plüralizmi, demokratik seçkiləri və bir çox başqa məsələləri öyrədə bilər. Bu mövzuda obyektivliyə iddiası olan hər kəslə açıq müzakirə aparmağa hazırıq – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında ATƏT-in “Moskva mexanizmi”nin hesabatı ilə bağlı keçirilən brifinqdə bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstana demokratik sistemin daimi sabotajı deyil, konstitusion quruluşun düzgün fəaliyyət göstərməsi lazımdır.
“Gürcüstana qeyri-müəyyənlik deyil, şəffaflıq lazımdır. Gürcüstana total LGBT təbliğatı deyil, ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların maraqlarının qorunması lazımdır. Gürcüstana daimi xaos və qarışıqlıq deyil, sülh və sabitlik lazımdır. Gürcüstana yalan və nifrət deyil, obyektiv media lazımdır. Gürcüstana azlığın çoxluq üzərində zorakılığı deyil, çoxluğun demokratik idarəçiliyi lazımdır. Gürcüstana siyasətdə kriminal deyil, dövlət idarəçiliyində hüququn aliliyi lazımdır. Gürcüstana “Moskva mexanizmi”nin müəlliflərinin tələb etdikləri deyil, 2024-cü il parlament seçkilərində Gürcüstan əhalisinin dəstəklədiyi şey lazımdır. Bu isə ölkəmiz üçün sülh, suverenlik və irəliləyişdir. Gürcüstan hakimiyyəti gürcü xalqının iradəsinə uyğun hərəkət edir və gələcəkdə də edəcək”, – deyə baş nazir bildirib.