İrakli Kobaxidze - “Gürcü Arzusu” legitimliyini gürcü xalqından alır, bu gün Gürcüstanın inkişaf üçün aydın baxışının olması məhz xalqın verdiyi legitimliyin nəticəsidir
İrakli Kobaxidze - “Gürcü Arzusu” legitimliyini gürcü xalqından alır, bu gün Gürcüstanın inkişaf üçün aydın baxışının olması məhz xalqın verdiyi legitimliyin nəticəsidir

 

14 il əvvəl, bu gün Gürcüstanın ən yaxın tarixində dönüş nöqtəsi yaradan hadisə baş verdi, siyasi birlik – “Gürcü Arzusu – Demokratik Gürcüstan”ın əsası qoyuldu. 2012-ci ilin 21 apreli məntiqi olaraq 2012-ci ilin oktyabrın 1-də “Milli Hərəkat” rejiminin məğlubiyyəti ilə nəticələndi və rəmzi olaraq, avtokratik idarəetmə modelinə malik, kənar maraqlara tabe olan bir ölkədən müasir, demokratik və ləyaqətli dövlətə çevrildiyimiz nöqtə oldu – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatında deyilir.

Kobaxidzenin bəyanatında qeyd etdiyi kimi, “Gürcü Arzusu” siyasi komandası “addım-addım suveren, sabit, inkişaf etmiş dövlət qurmağa doğru irəliləməyə başladı və bu gün artıq hər kəsə aydındır ki, “Milli Hərəkat” rejiminin yaratdığı ən ağır mirası əbədi olaraq keçmişə təhvil vermişik”.

“Bu gün, “Gürcü Arzusu – Demokratik Gürcüstan”ın əsasının qoyulmasından 14 il sonra komandamızın və gürcü xalqının aşdığı çətinlikləri yada salmamaq mümkün deyil. Əhalinin müəyyən hissəsi 14 il sonra “Milli Hərəkat” rejimi dövründəki mövcud vəziyyətlə paralellər aparmağın bu gün əhəmiyyətsiz olduğunu hesab etsə də, gürcü cəmiyyətinin “Gürcü Arzusu”na necə bir ölkəni idarə etmək mandatı verdiyini və bu gün necə dövlətdə yaşadığımızı xatırlamaq lazımdır. Unutmamalıyıq ki, məhz 2012-ci ildən ölkəmiz dönməz inkişaf yoluna qədəm qoyub və başlanğıc nöqtəsi insan olan, əsas prioriteti isə dövlət suverenliyinin, demokratik və milli dəyərlərin qorunması olan dövlətə çevrilib.

2012-ci ilə qədər Gürcüstan sistemli problemlərlə qarşılaşmışdı, bu problemlər nəinki sərbəst nəfəs almağı mümkünsüz edir, həm də dövlətçiliyimizin təməllərinə zərər vururdu.

Siyasi komandamız ədalət mühakiməsinin seçici olduğu və əhalinin isə məhkəməyə etibarının sıfır olduğu ölkəni təhvil aldı; insan hüquqlarının kobud və sistematik şəkildə pozulması gündəlik həyatımız idi və bu, təkcə fərdi səviyyədə deyil, həm də ictimai səviyyədə hiss olunurdu; Ölkə miqyasında yayım imkanına malik bütün böyük media qurumları tək bir partiyanın maraqlarına tabe idi, media məhdudiyyətinin miqyası elə həddə çatmışdı ki, heç kim informasiya müxtəlifliyinin və tənqidi fikrin əhəmiyyətindən belə danışmağa cəsarət etmirdi; antimilli rejimin terrorunun əsas sütunu siyasiləşmiş güc strukturları idi. Onlar həmvətənlərini qorumağa və dinc yaşamağa qayğı göstərmir, əksinə vətəndaşlara qarşı yönəlmiş silaha, insan hüquqlarını tapdalayan, öldürən və total nəzarət və təzyiq üçün istifadə edilən silaha çevrilmişdilər. Məntiqlidir ki, bu cür “hüquq-mühafizə orqanları”nın fonunda əsas cəza funksiyası həbsxanalar – bir çox insanın siyasi məqsədlər üçün ədalətsiz şəkildə yerləşdirildiyi, işgəncəyə məruz qalan məhbusların səslərinin eşidilmədiyi və cəzalarını çəkdikdən sonra azad yaşamağa davam etmək ümidinin olmadığı qapalı bir sistem tərəfindən təmsil olunurdu.

Özəl mülkiyyətə və biznesə görünməmiş təzyiq ayrıca məsələdir. On minlərlə zərərçəkmiş, əmlakı əlindən alınmış vətəndaşı xatırlamalıyıq; onlar məhz “hüquq-mühafizə”, əslində isə cəza qurumlarının və həbsə düşmək qorxusunun təsiri ilə nə səsini çıxara bilirdi, nə də ədalət tapa bilirdi.

Sosial bərabərsizliyin yüksək səviyyəsini, əhalinin əhəmiyyətli bir hissəsinin həssaslığını və qeyri-kafi sosial müdafiə mexanizmlərini demirəm, illər ərzində dövlət institutlarının praktik olaraq olmadığı, fərqli fikrin demokratiyanın bir hissəsi kimi deyil, təhdid və problem kimi qəbul edildiyi və ən əsası, əhalinin mütləq əksəriyyətinin dövlətə etibar etmədiyi bir ölkədə yaşayırdıq!

Bu, məhz kənar qüvvələrin “demokratiyanın mayak”ı kimi işə keçirdiyi ölkə idi…” – İrakli Kobaxidzenin bəyanatında deyilir.

Bəyanatda İrakli Kobaxidze həmçinin qeyd edir ki, bu ən ağır mirasın fonunda, Gürcüstan əhalisinin legitimliyi ilə, hakimiyyətə gəldiyi gündən “Gürcü Arzusu” ölkə qarşısında tam məsuliyyəti öz üzərinə götürüb və fundamental problemlərə baxmayaraq, illər ərzində həyata keçirilən sistemli dəyişikliklər vasitəsilə ədalətli, demokratik və sabit dövlət quruculuğuna başlayıb.

“Bu gün, 14 il sonra, Gürcüstan artıq tamamilə fərqli reallıqda, hüquq dövlətinin tədricən möhkəmləndiyi və ictimaiyyətin təsisatlara inamının əhəmiyyətli dərəcədə artdığı ölkədə yaşayır. Ədalət mühakiməsi sistemi şəffaf və müstəqil oldu, məhkəmə sistemi isə qanunun aliliyinə və insan hüquqlarının qorunmasına yönəldi. Xüsusilə qeyd edilməlidir ki, insan hüquqları və azadlıqlarının qorunması formallıqdan reallığa çevrilib, çünki dövlət siyasəti hər bir vətəndaşın ləyaqətinin toxunulmazlığına və təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Media mühiti rəngarəng və plüralist hala gəlib – bu gün ölkədə fərqli redaksiya siyasətinə malik bir sıra televiziya, onlayn və çap media vasitəsi sərbəst fəaliyyət göstərir, bu da informasiyanın əlçatanlığını və tənqidi fikrin sərbəst ifadə edilməsini təmin edir.

Güc strukturları siyasi təsirlərdən azad olub və bu gün qanuna və cəmiyyətə xidmət edir. Onların əsas vəzifəsi siyasi maraqları yeritmək deyil, vətəndaşların təhlükəsizliyini qorumaqdır. İqtisadi sahədə biz biznesin qorunduğu və artıq təzyiq risklərinin olmadığı sabit və proqnozlaşdırıla bilən mühit yaratmışıq, bu da investisiyaların artmasına və özəl sektorun inkişafına kömək edir və nəticədə də bütün bunlar ölkə iqtisadiyyatının artımına birbaşa əks olunacaq.

“Gürcü Arzusu” şəraitində sosial siyasət dövlətin prioritetlərindən birinə çevrilib – hərcəhətli səhiyyə proqramı tətbiq edilib, sosial müdafiə proqramları genişləndirilib, onların miqyası və əlçatanlığı artıb, bu da həssas qruplar üçün xüsusilə vacibdir. Bundan başqa, ifrat yoxsulluq azalıb və dövlətin vətəndaşlara dəstəyi artıb. Bütün bunlarla birlikdə, dövlət təsisatları gücləndirilib, onların müstəqilliyi və səmərəliliyi artıb, bu da ölkənin davamlı inkişafı üçün möhkəm təməl yaradır. Mövcud fərqlərə baxmayaraq, siyasi mühit bu gün rəngarəngliyi demokratiyanın vacib elementi kimi qəbul edir və qoruyur, eyni zamanda isə dövlət radikal, ekstremist və ölkənin təməllərinə qarşı yönəlmiş istənilən əməlin qarşısını almağı bacarır.

Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, vətəndaşların dövlətə inamının artması təbiidir, çünki bu gün Gürcüstan hakimiyyətin xalqa hesabat verdiyi, təsisatların isə cəmiyyətə xidmət etdiyi ölkədir. Əlbəttə, bu tarixi prosesdə bu gün artıq “Gürcü Arzusu – Demokratik Gürcüstan”ın fəxri sədri olan Bidzina İvanişvilinin müasir gürcü dövlətinin formalaşmasındakı fundamental rolu xüsusilə qeyd olunmalıdır. Gürcüstanı dönüş nöqtəsinə aparan yolu məhz onun baxışı və ölkə və xalq qarşısında götürdüyü şəxsi məsuliyyəti müəyyən edib. Cəmiyyəti ortaq milli məqsəd ətrafında birləşdirməyə, demokratik dəyişiklikləri dinc yolla həyata keçirməyə və illər ərzində ölkənin inkişafına maneə olan sistemli qüsurları aradan qaldırmağa imkan verən məhz onun liderliyi olmuşdu. Bu, 14 il ərzində “Gürcü Arzusu”nun ölkəmizi addım-addım çağırışlardan tərəqqiyə, qarşıdurmadan sabitliyə və inamsızlıqdan etibara apardığı yoldur. Bu, ardıcıl siyasətin, suverenliyin qorunmasının və sülhə yönəlmiş baxışın ölkənin uğurunun əsası ola biləcəyini sübut edən yoldur. Əlbəttə, geosiyasi maraqların tez-tez kiçik və inkişaf etməkdə olan dövlətlərin milli maraqları ilə kəsişdiyi müasir dünya nizamı nəzərə alındıqda, çağırışlar yenə də mövcuddur. 

Belə bir şəraitdə Gürcüstan və siyasi komandamız üçün əsas çağırışlardan biri suverenliyin qorunması və müstəqil siyasi kursun saxlanılması olaraq qalır. Ölkənin daxili proseslərinə, istər siyasi, istər iqtisadi, istərsə də informasiya təzyiqi olsun, təsir göstərmək üçün dəfələrlə müxtəlif cəhdlərin şahidi olmuşuq. Məhz bu fonda hakim siyasi komandanın yalnız ölkənin milli maraqlarına uyğun qərarlar qəbul etmək və dar siyasi maraqları nəzərə alaraq hər şeyə hazır olan və idarəçiliyi keçmişin ən ağır təcrübəsi ilə əlaqəli olan qüvvələrin güclənməsinə imkan verməmək qabiliyyəti və cəsarəti xüsusi əhəmiyyət kəsb edir. “Gürcü Arzusu – Demokratik Gürcüstan” öz legitimliyini gürcü xalqından alır, bu da ildən-ilə keçirilən demokratik seçkilər və ictimaiyyətin dəstəyi ilə təsdiqlənir. Müvafiq olaraq, təbii ki, siyasi komandamızın əsas vəzifəsi ölkəni vətəndaşların tələblərinə cavab verən istiqamətdə inkişaf etdirməkdir. Bu gün Gürcüstanın güclü əsasa və inkişaf üçün aydın baxışa malik ölkə olması məhz gürcü xalqının verdiyi legitimliyin nəticəsidir. “Gürcü Arzusu – Demokratik Gürcüstan”ın hər bir üzvünü, siyasi komandamızın hər bir tərəfdarını, ölkəmizin hər bir vətənpərvərini bu mühüm ildönümü münasibətilə təbrik edirəm. Qarşıda daha böyük məqsədlər və imkanlar, vətənimizi gücləndirmək üçün birlikdə istifadə edəcəyimiz fürsətlər var!” – İrakli Kobaxidzenin “Facebook” səhifəsində dərc olunmuş bəyanatda deyilir.