İrakli Kobaxidze - Geosiyasi çağırışlara, xarici şoklara baxmayaraq, ölkədə yaradılmış makroiqtisadi sabitlik və əmin-amanlıq milli valyutanın möhkəmliyini təmin etdi
İrakli Kobaxidze - Geosiyasi çağırışlara, xarici şoklara baxmayaraq, ölkədə yaradılmış makroiqtisadi sabitlik və əmin-amanlıq milli valyutanın möhkəmliyini təmin etdi

 

Geosiyasi çağırışlara, xarici şoklara və təlatümlərə baxmayaraq, ölkədə yaradılmış makroiqtisadi sabitlik və əmin-amanlıq milli valyutamızın möhkəmliyini təmin etdi, valyuta bazarımız dalğalanmalara davamlıdır, bu isə əhalinin lariyə olan etimadını daha da möhkəmləndirir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze larinin dövriyyəyə buraxılmasının 30 illik yubileyi ilə bağlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Gürcüstan hökuməti, Milli Bank rəqabətin və maliyyəyə çıxışın artırılmasına fokuslanıb, biznes kreditlərinin sayı artıb, bu isə daha çox investisiya, yerli biznesin inkişafı və yeni iş yerlərinin yaradılması deməkdir.

“Gürcü bank sistemi ölkədə ən böyük işəgötürənlərdən biridir və ildən-ilə inkişaf edir, sistemin aktivləri demək olar ki, 100 milyard lariyə çatır, bu isə bir çox Şərqi Avropa ölkəsinin göstəricisindən yüksəkdir. Milli Bank və ümumilikdə maliyyə sistemi beynəlxalq sanksiyalara qətiyyətlə əməl edirlər, bu isə ayrıca qeyd olunmağa layiqdir, eyni zamanda yerli qanunvericiliyə əməl edirlər. Gürcüstanın maliyyə sektoru tərəfindən beynəlxalq sanksiyaların pozulması ilə bağlı bir dənə də olsun hal qeydə alınmayıb. Milli Bankın tənzimləmələri və nəzarət çərçivəsi qabaqcıl beynəlxalq təcrübəyə tam uyğundur. Əlbətdə, bu uğurlarda maliyyə sektorunun rolu çox dəyərlidir” – İrakli Kobaxidze bildirib.

Baş nazir Milli Banka, Milli Bankın Şurasına və Milli Bankın prezidenti Natia Turnavaya təşəkkür edib.

“Milli Banka, Milli Bankın Şurasına, xüsusən də Milli Bankın prezidenti Natia Turnavaya təşəkkür etmək istərdim. Məhz onların ardıcıl siyasətinin nəticəsidir ki, bu gün gürcü larisi sabitdir, milli valyutamız möhkəmdir, bu da iqtisadi sistemimizin inkişafına kömək edir. Larinin 30 illik yubileyinə həsr olunmuş bu mühüm tədbir münasibətilə sizi təbrik etmək və hamınıza uğurlar arzulamaq istəyirəm” – İrakli Kobaxidze bildirib.