İrakli Kobaxidze – Əsas məsələ müvafiq qurumların uşaq bağçalarında zəhərlənməyə nəyin səbəb olduğunu müəyyənləşdirməsidir. Bunun şirkətin və ya şirkətlərin təqsiri nəticəsində baş verib-vermədiyi araşdırılmalıdır. Əgər belə olduğu müəyyən edilərsə, bu halda onların da məsuliyyəti gündəmə gələcək

15:26, 18.09.2026

Əsas məsələ müvafiq qurumların uşaq bağçalarında zəhərlənməyə nəyin səbəb olduğunu müəyyənləşdirməsidir. Görünür, konkret bir problem yaşanıb, lakin mən hadisələri qabaqlamaq istəmirəm. Bu barədə jurnalistlərin sualını cavablandıran Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Hökumət başçısının sözlərinə görə, müvafiq qurumlar hadisədə konkret şirkətin və ya şirkətlərin təqsirinin olub-olmadığını müəyyənləşdirməlidir.

“Bütün paytaxt üzrə qidalanma və müvafiq xidmətləri təmin edən konkret bir şirkət var. Görünür, müəyyən bir problem yaşanıb, lakin mən hadisələri qabaqlamaq istəmirəm. Əsas məsələ müvafiq qurumların səbəbi müəyyənləşdirməsidir. Burada konkret şirkətin və ya şirkətlərin təqsirinin olub-olmadığı araşdırılmalıdır. Əgər belə bir hal təsdiqlənərsə, onların məsuliyyəti də gündəmə gələcək. Lakin gəlin, istintaqı qabaqlamayaq. Məsələ araşdırılmalıdır və yalnız bundan sonra konkret şərh verə biləcəyik”, – deyə İrakli Kobaxidze bildirib.

Qeyd edək ki, hazırda mövcud olan rəsmi məlumata görə, Tbilisidə yerləşən 20 uşaq bağçasının 55 tərbiyəçisində və bir əməkdaşında intoksikasiya əlamətləri qeydə alınıb. Onlar tibbi yardım üçün Tbilisidəki altı tibb müəssisəsinə müraciət ediblər. İstintaq xidməti intoksikasiya faktı ilə bağlı araşdırmaya başlayıb.

Bununla yanaşı, Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyinin məlumatına görə, epidemioloji risklərin qarşısının alınması məqsədilə yeddi bağçada təlim-tərbiyə prosesi dayandırılıb. 183 bağça isə fəaliyyətini davam etdirir.

Oxşar