Gürcüstanın Baş naziri İrakli Kobaxidze gürcü-erməni hüquq forumu çərçivəsində Tbilisidə olan Ermənistan Respublikasının ədliyyə naziri Srbui Qalyan ilə görüşüb.
Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatında görüşdə Ermənistan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə toxunulduğu deyilir.
“Gürcüstan və Ermənistanın müxtəlif ikitərəfli və beynəlxalq formatlarda əməkdaşlığını müzakirə ediblər. Gürcüstan və Ermənistan arasında ədalət mühakiməsi sahəsində effektiv tərəfdaşlığa və bu istiqamətdə ölkələr arasında təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət yetirilib.
Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasının, eləcə də regionun uzunmüddətli və sabit inkişafının əhəmiyyəti vurğulanıb.
Ədliyyə naziri Paata Salia, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani, Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan və Gürcüstanın Ermənistandakı səfiri Qiorqi Şarvaşidze Hökumət Administrasiyasında keçirilən görüşdə iştirak edirdilər” – Gürcüstan hökumətinin məlumatında deyilir.