Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstanda rəsmi səfərdə olan Ermənistan prezidenti Vahaqn Xaçatryanla görüşüb.
Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, təkbətək görüşdə Gürcüstan və Ermənistan arasında uzunillik dostluq münasibətlərinə və strateji tərəfdaşlığın inkişafında müşahidə olunan pozitiv dinamika diqqət mərkəzində olub. Regionda sülhün və sabitliyin xüsusi əhəmiyyəti vurğulanıb. İrakli Kobaxidze Vahaqn Xaçatryana Gürcüstana səfərinə və dəstəyinə görə təşəkkür edib.
“Biz çox şadıq ki, ölkələrimiz arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Əlbəttə ki, yüksək səviyyəli səfərlərin tez-tez baş tutması da bunun göstəricisidir. Gürcüstana gəldiyiniz üçün sizə təşəkkür edirəm, şəxsi dəstəyiniz bizim üçün çox önəmlidir. Ölkələrimiz arasında münasibətlər həm siyasi, həm də iqtisadi baxımdan müxtəlif sahələrdə çox dinamik inkişaf edir. Ermənistan hökuməti ilə çox sıx əməkdaşlığımız var. Əminik ki, bu dinamika və bu temp ilə gələcəkdə əlaqələrimizin daha da inkişafı istiqamətində böyük uğurlara nail olacağıq,” – deyə İrakli Kobaxidze bildirib.
Gürcüstan hakimiyyətinə səmimi qarşılama üçün Ermənistan Respublikasının prezidenti təşəkkür edib. Vahaqn Xaçatryan ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
“Gürcüstan hakimiyyətinə isti qəbul üçün böyük təşəkkür edirəm. Dünən gəlmişəm, amma elə hiss edirəm ki, guya həmişə burada olmuşam. Bu, bizə göstərilən diqqət və burada yaradılan mühitlə bağlıdır. Əminəm ki, bu həmçinin ölkələrimizin baş nazirləri və şəxsi münasibətlərinizin, etibarlı tərəfdaşlığın nəticəsidir. Yüksək səviyyəli görüşlər münasibətlərimizi möhkəmləndirir və bizə yeni imkanlar yaradır. Biz ikitərəfli münasibətlərin gücləndirilməsi və dərinləşdirilməsi üçün hər şeyi edirik. Əmin olun ki, Ermənistan tərəfinin mövqelərində və yanaşmalarında heç bir dəyişiklik olmayacaq. Bizim ortaq arzumuz regionda sülh və sabitliyin, daxili siyasi dayanıqlığın qorunmasıdır. Düşünürəm ki, həm Gürcüstan, həm də Ermənistan əhalisi hökumətlərin suverenlik və müstəqillik uğrunda səylərini yüksək qiymətləndirəcək,” – deyə Vahaqn Xaçatryan bildirib.
Təkbətək görüşdən sonra Gürcüstanın baş naziri hökumət üzvləri ilə birlikdə Ermənistan prezidentinə və onun nümayəndə heyətinə rəsmi nahar verib.