İrakli Kobaxidze – Əmin-amanlığın qorunması bizim başlıca prioritetimizdir, öz qəhrəmanlarını xatırlamayan millət daha yaxşı gələcək qura bilməz, buna görə də dövlət onların xatirəsini ölümsüz etmək üçün addımlar atır
Əmin-amanlığın qorunması bizim başlıca prioritetimizdir. Sülh yolu ilə inkişaf isə məhz güclü orduya və müdafiə qabiliyyətinə söykənir. Müharibənin və sülhün dəyərini və əhəmiyyətini ən yaxşı siz, veteranlar bilirsiniz. Döyüşçülərin biliklərindən istifadə etmək, sizin əvəzsiz təcrübənizi gələcək nəsillərlə bölüşmək həyati əhəmiyyət kəsb edir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Veteranlar Gününə həsr olunmuş tədbirdə çıxışı əsnasında açıqlayıb.
Hökumət başçısı, Total Müdafiə prinsipini dəstəkləmək üçün yaradılmış könüllülər təşkilatının bazasında 4 000-dən çox şəxsin yenidən hazırlıq keçdiyini bildirib. Məktəblərdə isə “Müdafiə və Təhlükəsizlik” adlı pilot fənn tətbiq olunur, bunun üçün 18 veteran xüsusi hazırlıqdan keçib.
“Təhsil proqramı ilə hökumət veteranların və onların övladlarının təhsil haqqının 50 faizini qarşılayıb, buna ümumilikdə 8.6 milyon lari ayrılıb. Həlak olanların və kəskin şəkildə ifadə olunan məhdud imkanlı veteranların övladları təhsil qrantı alırlar.
Həmçinin qanunvericilik xətalarını da düzəltdik. Digər dövlətlərin ərazisində döyüşənlər ildə 3 000 lariyədək vergiyə cəlb olunan gəlir üzrə vergidən azad ediliblər. Məcburi köçkün olan veteranlara mənzil alarkən əlavə ballar verilir. Ödənişsiz hüquqi xidmət, görmə əngəlli veteranlar üçün illik maddi yardım və dövlət xidmətlərində güzəştlər qüvvəyə minib. Nəqliyyat güzəştləri artıq Tbilisi və böyük bələdiyyələrdə, eləcə də Gürcüstan Dəmir Yollarında tətbiq olunur. Oxşar yanaşmanın bütün ölkə miqyasında tətbiq edilməsi üçün işlər davam etdirilir. Hakimiyyət, əlbəttə ki, gələcəkdə də veteranlara qayğı göstərməyə davam edəcək.
Tarixi yaddaşın qorunması bizim başlıca məsuliyyətimizdir. Öz qəhrəmanlarını xatırlamayan millət daha yaxşı gələcək qura bilməz. Məhz buna görə də dövlət onların xatirəsini ölümsüz etmək üçün addımlar atır – onlarca küçəyə, parka və məktəbə həlak olmuş qəhrəmanların adı verilib.
Əziz veteranlar, qəhrəmanların ailə üzvləri! Sizi bu gün münasibətilə bir daha təbrik edir və vətənə xidmətinizə görə təşəkkür edirəm. Sizə sülh, rifah və uzun ömür arzulayıram” – baş nazir qeyd edib.