İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinə xidmətin yeni rəhbəri Tamaz Boraşvilini təqdim edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinə xidmətin yeni rəhbəri Tamaz Boraşvilini təqdim edib.
Hökumət başçısı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ləyaqətli xidmətə görə təşəkkür edib və Tamaz Boraşvilinin təcrübəsinə diqqət çəkib. Baş nazir, həmçinin daxili işlər nazirinin müavini təyin edilən Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qeka Qeladzeyə uğurlar arzulayıb.
“Dövlət Təhlükəsizliyi Xidməti dövlətimizin mənafelərinin, milli təhlükəsizliyimizin qorunmasının söykəndiyi ən mühüm strukturlardan biridir. Əlbəttə ki, bunda hər birinizin töhfəsi olduqca xüsusidir və ləyaqətli xidmətinizə görə sizə bir daha təşəkkür edirəm. Cənab Qeka Qeladzeyə xidmətinə, Dövlət Təhlükəsizliyi Xidmətinə ləyaqətlə rəhbərlik etdiyinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Cənab Qeka Qeladzenin şəxsi keyfiyyətlərini vurğulamaq istəyirəm – o, təkcə seçilən peşəkar deyil, onu, ilk növbədə, insani keyfiyyətləri fərqləndirir, müstəsna dərəcədə vicdanlı insandır və ona uğurlar arzulamaq istəyirəm. Cənab Tamaz Boraşvili bu sistemin karyeraçı nümayəndəsidir, bunun da xüsusi əhəmiyyəti var. 20 ildən artıq bir müddətdə bu işə xidmət edəndə, əlbəttə ki, belə zaman kəsiyində xüsusi bilik və təcrübə toplanır və bu, hakimiyyətə bu institutu daha da gücləndirməkdə çox kömək edəcək. Əlbəttə ki, istənilən təsisat daim inkişaf etməlidir və bu, Dövlət Təhlükəsizliyi Xidmətinə də aiddir. Onun çox zəngin təcrübəsi, karyerasında ardıcıl irəliləyişi var və əlbəttə ki, belə ardıcıl və davamlı yüksəliş xidmətlər, xüsusi keyfiyyətlər və peşəkarlıq olmadan baş vermir. Məhz bu keyfiyyətlər yekunda komandanın qərarı üçün əsas oldu” – İrakli Kobaxidze bildirib.
DTX-nin yeni seçilmiş rəhbərinə qurumun keçmiş rəhbəri də uğurlar arzulayıb. Qeka Qeladze göstərilən etimad və dəstəyə görə baş nazirə təşəkkürünü bildirib.
“Cənab Baş nazir, son illər ərzində mənə göstərdiyiniz dəstək və etimada görə çox sağ olun. Gündəlik fəaliyyətimizdə öz əksini tapan bu dəstək və nailiyyətlər, struktur, məzmun və ya təhlükəsizlik komponentinin gücləndirilməsi məhz bunun nəticəsidir. Cənab Tamaz Boraşvilini yeni vəzifəsi münasibətilə təbrik etmək istəyirəm. Bildiyiniz kimi, bu təsisat xüsusi bir ailədir, özünəməxsus həyat tərzi və mədəniyyəti var, cənab Tamaz da məhz bu mühitdən gəlir. O, uzun illər burada fəaliyyət göstərib və əminəm ki, bu instituta çox ləyaqətlə rəhbərlik edəcək və onu daha da gücləndirəcək. Sizinlə işləmək mənim üçün böyük şərəf idi və eyni zamanda bu çox güclü quruma rəhbərlik etmək qürurverici idi” – Qeka Qeladze bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Tamaz Boraşvili göstərilən etimada görə hökumət başçısına və parlamentə təşəkkür edib.
“Söz verirəm ki, ikiqat qüvvə ilə, bu güclü komanda ilə birlikdə ölkəmizin təhlükəsizliyi və xidmətimizin gücləndirilməsi üçün hər şeyi edəcəyik ki, ölkəmizin hər gün üzləşdiyi çağırışlar şəklindəki tapşırıqları daha yaxşı həll edək. Şəxsi heyətə dərin minnətdarlığımı bildirmək istəyirəm. Burada mənə yad olan bir nəfər də yoxdur. Biz uzun illərdir birlikdə ölkəmizin təhlükəsizliyinə ləyaqətlə xidmət edirik. Ölkəmizin rifahı üçün 24 saat yorulmadan çalışan bütün heyətə buna görə çox sağ ol deyirəm. Cənab Qekaya ləyaqətli xidmətinə görə təşəkkür edirəm. Yeni çağırışlarda sizə uğurlar arzulayıram” – Tamaz Boraşvili qeyd edib.
Gürcüstan Parlamenti Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə Tamaz Boraşvilini bu gün 83 səslə təsdiqləyib.