İrakli Kobaxidze Donald Trampa və Ceyms Devid Vensə açıq məktubla müraciət edir

10:48, 13.05.2025

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa və vitse-prezidenti Ceyms Devid Vensə açıq məktubla müraciət edib.

“Müəyyən həftələr əvvəl sizə Gürcüstan-Amerika münasibətləri ilə bağlı məktubla müraciət etdim. Bu məktubdan əvvəl də mənim ictimai çıxışlarım olmuşdu, orada açıq şəkildə Gürcüstanın ABŞ-la strateji tərəfdaşlığı konkret yol xəritəsi ilə sıfırdan yenidən başlamağa hazır olduğunu bildirirdim. Lakin bu günə qədər nə məktubumuza, nə də ictimai bəyanatlarımıza cavab almışıq. Üstəlik, bu günə qədər Gürcüstan və ABŞ hökumətləri arasında yüksək səviyyədə heç bir əlaqə qurulmayıb.

Bu səssizlik gürcü xalqı və Gürcüstan hökuməti üçün bir neçə səbəbə görə təəccüblüdür:

– İlk növbədə, Gürcüstan artıq uzun illərdir ki, mürəkkəb regionumuzda ABŞ-ın ən etibarlı tərəfdaşıdır və ABŞ üçün strateji əhəmiyyət daşıyır. Gürcüstan ABŞ-ın ən qaynar nöqtələrində, o cümlədən İraq və Əfqanıstanda, ABŞ əhalisinə nisbətdə ən çox əsgər göndərən ölkə kimi iştirak edib. Təkcə bu iki missiyada iştirak etməklə, kiçik ölkəmiz ABŞ-ın büdcəsinə 2.5 milyard dollar qənaət etdirmişdir ki, bu da ABŞ-dan Gürcüstana göstərilən real (!) yardımı dəfələrlə üstələyir (real yardıma biz 2008-2011-ci illərdə ABŞ büdcəsindən keçmiş prezident Mixail Saakaşvilinin rejimini xilas etmək üçün ayrılmış vəsaitləri daxil etmirik – o dövrdə Saakaşvili “deep state”in əmri ilə Rusiya ilə müharibəyə başlamışdı; real yardıma həmçinin ABŞ səfirliyi, USAID, NED, Soros Fondu və digər kanallar vasitəsilə Gürcüstanda radikalizm və nifrətin qızışdırılması, inqilabların təşkili, Gürcü Pravoslav Kilsəsinin nüfuzunun sarsıdılması, dini ekstremizmin təşviqi, dövlət institutlarının zəiflədilməsi, gender və LGBT təbliğatının aparılması və digər bənzər məqsədlərlə ayrılmış vəsaitlər də daxil deyil). Gürcüstanın illərdir ABŞ üçün strateji tərəfdaş olaraq qalması və bu tərəfdaşlığın bərpasına bu gün də hazır olduğunu nəzərə alaraq, yeni administrasiyanın susqunluğu həm Gürcüstan hakimiyyəti, həm də xalqı üçün təəccüblüdür;

– Beynəlxalq reytinqlərə əsasən, Gürcüstan demokratiya, hüququn aliliyi, insan hüquqları, media azadlığı, məhkəmələrin müstəqilliyi, dövlət institutlarının gücü, korrupsiyanın azlığı və digər kriteriyalar baxımından regionun lideridir. Gürcüstanın liderliyi sizin administrasiyanın xüsusi etibar etdiyi institutlar tərəfindən də təsdiqlənir. Bütün bunlar və sizin digər, hətta açıq şəkildə qeyri-demokratik və avtoritar ölkələrlə də aktiv dialoq və əlaqələr qurduğunuz fonda, Gürcüstana münasibətdə səssizliyinizin bizim üçün məntiqli izahı yoxdur;

– Ən önəmlisi isə, əgər bizim hakimiyyətin və sizin administrasiyanın ictimai ritorikasına diqqət etsək, bizim baxışlarımız arasında tam dəyərlər və ideoloji uyğunluq olduğu aşkar görünür. Biz USAID, NED və digər aidiyyətli subyektlərin cinayətkar fəaliyyəti haqqında sizdən bir neçə il əvvəl açıq danışırdıq. Ukrayna müharibəsi, gender və LGBT təbliğatı və digər bir çox məsələlərdə bizim dəyərlərimiz və yanaşmalarımız tam üst-üstə düşür. Bu ideoloji və dəyərlər uyğunluğu fonunda gürcü xalqının ilkin gözləntisi o idi ki, Gürcüstan sizin administrasiyanın xüsusi diqqət göstərəcəyi ilk ölkələrdən biri olacaq. Bu diqqəti siz Rumıniya və Almaniyaya göstərdiniz, halbuki orada Avropa bürokratiyasının dəstəyi ilə qeyri-demokratik addımlar atıldı. Amma Gürcüstanla bağlı belə bir diqqət bu günə qədər müşahidə olunmayıb.

Üstəlik, hal-hazırda Gürcüstanın vitse-premyeri və digər hökumət nümayəndələrinə qarşı tamamilə anlaşılmaz sanksiyalar qüvvədə qalır – həmin şəxslər Bayden administrasiyası tərəfindən planlaşdırılan və USAID tərəfindən maliyyələşdirilən inqilab cəhdini və zorakılığı effektiv şəkildə dayandırıblar. Bir neçə gün əvvəl isə ABŞ Konqresi “dost qanunu” adlı absurd qanun qəbul etdi – bu qanun gürcü xalqına və onun seçdiyi hökumətə qarşı düşmən münasibətini əks etdirir. “Dost” sözünün mənasından çıxış etsək, bu qanun bizə Corc Oruellin modelini xatırladır – orada müharibə sülhdür, düşmən isə dost. Müxtəlif parlamentlərin bu cür absurd qərarlarına biz artıq öyrəşmişik, “dost qanun”a da diqqət etməzdik, əgər bu qanun sizin administrasiyanızla əlaqələndirilməsəydi. Bunu gücləndirən amil də odur ki, sizin administrasiyanız bu qanuna qarşı heç bir tənqidi bəyanat verməyib. Bütün bunlara görə, bu qanun gürcü xalqının yalnız Konqresə deyil, təəssüf ki, sizin administrasiyanıza olan inamını da sarsıdır – halbuki Gürcü cəmiyyəti sizdən fərqli ümidlər gözləyirdi.

Son hadisələr Gürcü cəmiyyətində belə bir hiss yaradıb ki, “deep state”in məğlub edilməsi ilə bağlı bəyanatlar sadəcə onun rebrendinqinə yönəlmiş cəhddir. İnsanlar üçün təəccüblüdür ki, siz Baydenin qərarlarını sərt tənqid edirsiniz, amma onun cinayət xarakterli qərarlarını bu günə qədər dəyişməmisiniz. Lakin hökumətimiz hələ də açıq bəyanatlarda nikbinliyini qoruyur və ümid edir ki, sizin administrasiya “deep state”i həqiqətən məğlub edəcək və bu, Gürcüstan-Amerika münasibətlərinin yenidən qurulmasına və strateji tərəfdaşlığın bərpasına təsir edəcək. Bu ümid bizdə çox böyükdür. Əks halda, Bayden administrasiyası dövründə hazırlanmış inqilabi ssenari həyata keçməyə davam edəcək.

Xatırladaq ki, USAID və NED tərəfindən təlim keçmiş və maliyyələşdirilmiş 250-yə yaxın şəxs bu gün də hər gün ölkənin paytaxtının mərkəzi prospektində toplaşır – bu, “deep state”in inqilab planından hələ də əl çəkmədiyinin təkzibolunmaz sübutudur.

Yuxarıda qeyd olunduğu kimi, baxmayaraq ki, suallar artır, biz yenə də nikbinliyimizi qoruyuruq və ümid edirik ki, “deep state”ə qarşı mübarizəniz səmimidir və o, həqiqi məğlubiyyətlə nəticələnəcək. Gürcüstan hökuməti bu anı səbrlə gözləyir – bu, ölkələrimiz arasında Gürcüstan-Amerika münasibətlərinin yenilənməsinin və strateji tərəfdaşlığın bərpasının əsasını təşkil etməlidir.

Bu mübarizədə sizə uğurlar arzulayırıq!

Amerika Birləşmiş Ştatlarına möhkəmlik və rifah diləyirik!” – deyə açıq məktubda bildirilir.

Oxşar