İrakli Kobaxidze – Dərsliklərin yenilənməsi proqramına uğurla başlamışıq, məktəb dərslikləri tamamilə yenilənəcək və onlar, o cümlədən, ənənəvi dəyərlərimizə əsaslanacaq

19:25, 08.09.2026

Məktəblərdə yeni tədris ili başlayır. 45 min birinci sinif şagirdi təhsilə başlayacaq. Onlardan 38 mini dövlət, 7 mini isə özəl məktəblərdə oxuyacaq. Təxminən 30 yenilənmiş məktəbdə də tədris başlayacaq. Bunlar yeni inşa edilmiş və ya tamamilə təmir olunmuş məktəblərdir. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün hökumətin iclasında bildirib.
Hökumət başçısının sözlərinə görə, dərsliklərin yenilənməsi proqramına başlanılıb və bir çox istiqamət üzrə məktəblilər yeni dərsliklərdən istifadə edəcəklər.

“Yaxın gələcəkdə bu proqram başa çatacaq və məktəb dərslikləri tamamilə yenilənəcək. Onlar, o cümlədən, ənənəvi dəyərlərimizə əsaslanacaq. Bu dərsliklər milli tədris planımıza və ümumi təhsilin məqsədlərinə uyğun olaraq tamamilə yenidən nəzərdən keçiriləcək.

Həmçinin 100 məktəbdə robototexnika klubu fəaliyyətə başlayır. Baza təhsil pilləsində əlavə olaraq 100 məktəbdə STEM klubu yaradılır. Beləliklə, ümumilikdə STEM klubları 500 məktəbdə fəaliyyət göstərəcək.

Hərbi iş proqramı genişləndirilir. Bu istiqamətdə mövcud 140 məktəbə daha 100 məktəb əlavə olunacaq və tədris yenilənmiş, müasir resurslarla həyata keçiriləcək.

Həmçinin dəyərlər üzrə təhsil klubları proqramı davam etdirilir. Bu istiqamətdə mövcud 140 məktəbə daha 60 məktəb əlavə olunacaq.

Şagirdlər üçün yeni seçmə fənlər də əlavə ediləcək – maliyyə savadlılığı, media savadlılığı, oxu-yazı savadlılığı və süni intellekt.

Həmçinin vacibdir ki, 21 qeyri-gürcüdilli məktəbdə gürcü sektoru açılıb, 600-dən çox ikidilli tədris mütəxəssisi hazırlanıb və proqrama cəlb olunan məktəblər müvafiq ikidilli təhsil resursları ilə təmin edilib”, – deyə İrakli Kobaxidze bildirib.

Oxşar