İrakli Kobaxidze - "Dərin dövlət"lə mübarizənin Trampın qələbəsi ilə başa çatacağına böyük ümid bəsləyirik, bu, sülhün təmin olunmasına, düzgün və sağlam dəyərlərin yayılmasına kömək edəcək
İrakli Kobaxidze - "Dərin dövlət"lə mübarizənin Trampın qələbəsi ilə başa çatacağına böyük ümid bəsləyirik, bu, sülhün təmin olunmasına, düzgün və sağlam dəyərlərin yayılmasına kömək edəcək

 
Prezident Tramp çox iddialı plan açıqladı. Bu, “Dərin dövlət”i məğlub etmək planıdır. “Dərin dövlət”lə mübarizənin prezident Trampın qələbəsi ilə başa çatacağına çox böyük ümid bəsləyirik, bu, sülhün təmin olunmasına, düzgün və sağlam dəyərlərin yayılmasına kömək edəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

Kobaxidze bu mübarizədə uğurun Gürcüstan-ABŞ münasibətlərinin normallaşması üçün həlledici olacağını deyib.

“Bu gün mühüm gündür. ABŞ-da yeni prezidentin andiçmə mərasimi keçirilir. Bu, ABŞ üçün bir növ dönüş nöqtəsidir. Vurğulamaq istərdim ki, keçən dörd il bütün dünya üçün olduğu kimi, ölkəmiz üçün də kifayət qədər çətin olub. Bir sıra böhranlar oldu və Ukraynada, Yaxın Şərqdə hələ də müharibə gedir, Avropada ağır iqtisadi böhran var və bu dörd il ərzində psevdoliberal təbliğat daha da geniş vüsət alıb. Təkcə ölkəmizin deyil, müxtəlif ölkələrin problemi olan liberal faşizm. Bu da dörd il ərzində yeni inkişaf qazanıb.

Konkret olaraq, ölkəmizdə bu dörd il ərzində dörd dəfə inqilab cəhdi olub. Təəssüflər olsun ki, dünyada əmin-amanlıq olmadı və eynilə ölkəmizdə də ağır proseslər gedirdi. Bizim böyük ümidimiz var ki, qarşıdakı dörd il keyfiyyətcə fərqli olacaq, dünya üçün xeyli sakit olacaq və əlbətdə, bütün bunlar ölkəmizdə də öz əksini tapmalıdır.

Prezident Tramp çox iddialı plan açıqladı. Bu, “Dərin dövlət”i məğlub etmək planıdır və prezident Trampa bu işdə uğurlar arzulamaq istəyirik. Bu mübarizədə uğur Gürcüstan-ABŞ münasibətlərinin normallaşması üçün həlledici olacaq. Biz çox böyük ümid bəsləyirik ki, “Dərin dövlət”lə bu mübarizə prezident Trampın qələbəsi ilə başa çatacaq və bu, dünyada, xüsusən də regionumuzda sülhün təmin olunmasını təmin edəcək və son dörd il ərzində dünya miqyasında fəal şəkildə yayılan dəyərlər yerinə, düzgün və sağlam dəyərlərin yayılmasına kömək edəcək.

Biz münasibətləri keyfiyyətcə yenidən başlamağa, ABŞ-la strateji tərəfdaşlığı təmiz səhifədən yeniləməyə hazır olduğumuzu bir daha bəyan edə bilərik. Ümid edirik ki, bu istiqamətdə əhəmiyyətli uğurlar əldə edəcəyik. Bu baxımdan da 2025-ci il çox mühüm olacaq” – İrakli Kobaxidze bildirib.