İrakli Kobaxidze – “Deep State” agenturası tərəfindən rusofob əhval-ruhiyyənin qızışdırılması süni prosesdir. Onun sözlərinə görə, bu proses xalqlar arasında nifrətin daha da kəskinləşməsinə, iqtisadi münasibətlərin pozulmasına və vəziyyətin maksimum dərəcədə gərginləşməsinə gətirib çıxarmalıdır
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib ki, “Deep State”in tapşırığına uyğun olaraq onun agenturasının Gürcüstanda rusofob əhval-ruhiyyəni qızışdırması süni prosesdir.
Kobaxidzenin sözlərinə görə, 2008-ci ildə Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən və Abxaziya ilə qondarma Cənubi Osetiyanın müstəqil dövlətlər kimi tanınmasından sonra həmin agentura Rusiya turistlərini sərhəddə qarşılayıb, həmçinin Rusiya şirkətlərinin Gürcüstan iqtisadiyyatının strateji obyektlərinə daxil olmasına şərait yaradıb və Rusiya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib.
Baş nazir bildirib ki, hazırda Gürcüstanda rusofob əhval-ruhiyyənin qızışdırılması “millətlər arasında nifrətin son dərəcə kəskinləşməsinə, iqtisadi münasibətlərin pozulmasına və vəziyyətin maksimum dərəcədə gərginləşməsinə” gətirib çıxarmalı olan süni prosesdir.
Kobaxidze qeyd edib ki, “Vahid Milli Hərəkat” rejiminin və Rusiya hakimiyyətinin yanlış siyasətinə baxmayaraq, bunun siyasi məsələ olduğunu və həllinin siyasətçilərlə dövlət institutlarının üzərinə düşdüyünü düşünür. O, həm Gürcüstan, həm də Rusiya cəmiyyətlərini xüsusi ehtiyatlı olmağa çağırıb ki, istər bilərəkdən, istərsə də bilmədən “qlobal müharibə partiyasının” maraqlarına xidmət etməsinlər.