İrakli Kobaxidze – “Cipriani”nin ölkəyə gəlişi bir daha təsdiqləyir ki, Gürcüstan xarici investorlar üçün etibarlı və cəlbedicidir, malik olduğumuz iqtisadi göstəricilər bunun sübutudur
Bu miqyasda brendin ölkəyə gəlişi qonaqpərvərlik və premium-sinif daşınmaz əmlakın inkişafında yeni meyar müəyyənləşdirir. Eyni zamanda, bu investisiya bir daha təsdiqləyir ki, Gürcüstan xarici investorlar üçün etibarlı və cəlbedicidir – bu barədə baş nazir İrakli Kobaxidze “Cipriani Batumi” layihəsinin təqdimatında çıxışı zamanı açıqlayıb.
Hökumət başçısının qeyd etdiyi kimi, “Cipriani Batumi” Gürcüstanın qonaqpərvərlik sənayesində yeni sözdür.
“Şadam ki, bu gün Batumidə bu miqyaslı və həqiqətən unikal layihənin təqdimatında iştirak edirik. Bu gün biz birlikdə ən yüksək sinfə aid yaşayış və otel kompleksi olan “Cipriani Batumi”nin təməlini qoyuruq. Cəsarətlə demək olar ki, bu, ölkəmizdə qonaqpərvərlik sənayesində yeni sözdür. Hamımız bilirik ki, bu, 1931-ci ildə Venesiyada əsası qoyulmuş əsrlik tarixə malik brenddir və zərif xidmət keyfiyyəti ilə dünyanın 19 şəhərində təmsil olunur. Çox şadam ki, Nyu-York, London, Monte-Karlo, Dubay, Mayami və başqa şəhərlərin sırasında bu gün Batumidə də dünya miqyaslı bu brend təmsil olunacaq. Bu bizim üçün həqiqətən fəxr ediləsi hadisədir.
Bu miqyasda brendin ölkəyə gəlişi qonaqpərvərlik və premium-sinif daşınmaz əmlakın inkişafında yeni meyar müəyyənləşdirir. Eyni zamanda, bu investisiya bir daha təsdiqləyir ki, Gürcüstan xarici investorlar üçün etibarlı və cəlbedicidir. Malik olduğumuz iqtisadi göstəricilər bunun sübutudur, düzgün iqtisadi siyasət və müvafiq iqtisadi meyllər olmadan bu cür layihələrin həyata keçirilməsi qeyri-mümkün olardı.
Biz Avropa miqyasında ən sürətli iqtisadi artıma malik olmağımızla fəxr edirik. Bu beş il ərzində iqtisadi artımımızın orta göstəricisi 9.3 faiz təşkil edir və bu rəqəm artıq özlüyündə hər şeyi deyir. Təbii ki, bu tipli layihələr iqtisadiyyatımızın daha da inkişaf etməsinə və böyüməsinə kömək edəcək” – baş nazir qeyd edib.