İrakli Kobaxidze Çinin iri holdinq şirkəti olan “DBH Group”-un nümayəndələri ilə görüşdü
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çinin iri holdinq şirkəti olan “DBH Group”un nümayəndələri ilə görüşüb. Görüşdə Gürcüstanın investisiya imkanları və ölkədəki əlverişli biznes mühiti diqqət mərkəzində olub. Müzakirələr zamanı enerji sektorunda əməkdaşlıq və bərpaolunan enerjinin inkişafı, həmçinin bu sahədə birgə layihələrin həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib.
Gürcüstanın strateji mövqeyinə və Avropa ilə Asiyanı birləşdirən marşrut kimi Orta Dəhlizin roluna – bunun xarici investorlar üçün əlavə imkanlar yaratması baxımından – xüsusi diqqət yetirildi.
Qeyd olundu ki, Gürcüstan hökuməti iri beynəlxalq şirkətlərin bazara daxil olmasını alqışlayır və ölkənin iqtisadi artımına əlavə təkan verəcək layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazırdır.
DBH Group enerji, daşınmaz əmlak, mədənçilik, biotexnologiya və otelçilik kimi sahələrdə fəaliyyət göstərən 26 törəmə şirkətdən ibarət ən nüfuzlu biznes qruplarından biridir.
Görüşdə İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri Mariam Kvrivişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.