İrakli Kobaxidze - Çin Beynəlxalq İdxal Sərgisində iştirak bizə ideyaları təqdim etmək və fikir mübadiləsi aparmaq üçün daha bir imkan verir
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatına əsasən, Çin Beynəlxalq İdxal Sərgisi Gürcüstan və Çin arasında iqtisadi və ticarət tərəfdaşlığının gücləndirilməsində mühüm rol oynayır.
Kobaxidze bu haqda “China Media Group”a müsahibəsində deyib.
“Tədbirin əla təşkilinə görə çinli dostlarımıza təşəkkür etmək istəyirəm. Açılış mərasimində iştirak etdim və bu forumda xüsusi qonaq statusu ilə olmaq böyük şərəf idi. Əlbəttə, Çinlə əməkdaşlığı təşviq etmək baxımından çox açıq və həvəsli olmağımız əsas mesajımızdır. Bu, Gürcüstan üçün həlledici prioritetdir. Forumda iştirak bizə ideyaları təqdim etmək və fikir mübadiləsi aparmaq üçün daha bir imkan verir. Belə ki bu, bizim üçün çox vacib tədbirdir.
Gürcüstan müxtəlif növ məhsulları ilə məşhurdur, şərab əsas məhsullardan biridir. Həmçinin, müxtəlif ölkələrə ixrac edirik. Çinə də şərab ixracının artmasından məmnunuq. Həmçinin, bu qədər çinli turistin Gürcüstana gəlməsindən məmnunuq, bu rəqəm getdikcə artır. Düşünürəm ki, Gürcüstan gələcəkdə daha çox çinli turist üçün daha maraqlı təyinat yerinə çevriləcək. Bu, çox vacib forumdur. Söhbət idxal və ixracdan gedəndə, statistika göstərir ki, müxtəlif sahələrdə daim artan göstəricilərimiz var. Əlbəttə, belə bir forum iki ölkə arasında ticarət və iqtisadi tərəfdaşlığın gücləndirilməsinə böyük töhfə verir. Gələcəkdə bu imkanlardan istifadə etmək istəyirik” – Kobaxidze bildirib.