İrakli Kobaxidze Changi Airports International şirkətinin baş icraçı direktoru və BluFive Capital şirkətinin təsisçisi ilə görüşüb
İrakli Kobaxidze Changi Airports International şirkətinin baş icraçı direktoru və BluFive Capital şirkətinin təsisçisi ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Changi Airports International şirkətinin baş icraçı direktoru Yucin Qan və BluFive Capital şirkətinin təsisçisi və baş icraçı direktoru Hazem Ben-Qasemlə görüşüb. Bu barədə hökumət administrasiyası məlumat yayıb.
Məlumata görə, görüşdə tərəflər aviasiya sektorunda əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Söhbət Gürcüstanın aviasiya və turizm sektorlarının sürətli inkişafından, bazara yeni aviaşirkətlərin daxil olmasından və Vazianidə Tbilisinin yeni beynəlxalq hava limanının inkişafı layihəsindən gedib. Bu layihə ilə bağlı Changi Airports International şirkəti əməkdaşlığa maraq göstərib. Layihəyə əsasən, hava limanının illik sərnişin qəbul etmə qabiliyyəti 20 milyon nəfərə qədər olacaq.
Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti qlobal investisiya və aviasiya şirkətləri ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verir.
İrakli Kobaxidzenin sözlərinə görə, ötən il Gürcüstanda beynəlxalq səyahətçilərin səfərlərinin sayı 7,8 milyon, turizmdən əldə olunan gəlir isə 4,7 milyard ABŞ dolları təşkil edib. Bununla yanaşı, beynəlxalq hava əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Gürcüstanda 80-ə yaxın aviaşirkət 140-dan çox beynəlxalq istiqamət üzrə uçuşlar həyata keçirir.
Tərəflər aviasiya sektorunda beynəlxalq təcrübənin bölüşülməsi istiqamətində əməkdaşlığa hazır olduqlarını bildiriblər və tərəfdaşlığın gələcək inkişafı imkanlarını müzakirə ediblər.
Görüşdə iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Gürcüstan hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani də iştirak ediblər”, – deyə hökumət administrasiyasının yaydığı məlumatda bildirilir.