İrakli Kobaxidze - Bu gün qürurla qeyd edirik ki, Gürcüstan milli maraqların müdafiəsi məsələsində heç vaxt olmadığı qədər müstəqil və suveren ölkədir, və bu yolda dostlarla münasibətlər böyük əhəmiyyət kəsb edir
İrakli Kobaxidze - Bu gün qürurla qeyd edirik ki, Gürcüstan milli maraqların müdafiəsi məsələsində heç vaxt olmadığı qədər müstəqil və suveren ölkədir, və bu yolda dostlarla münasibətlər böyük əhəmiyyət kəsb edir

“Bu gün qürurla qeyd edirik ki, Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suveren ölkədir. Bununla yanaşı anlayırıq ki, müstəqillik uğrunda mübarizə, müstəqilliyin qorunub saxlanması daim davam edən bir prosesdir” – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Milan şəhərində Gürcüstanın Baş Konsulluğunun açılış mərasimində çıxışı zamanı bildirib.

Kobaxidzenin sözlərinə görə, ölkənin milli maraqlarının müdafiəsi məsələsində dostlarla münasibət və tərəfdaşlıq olduqca önəmlidir.

“Bu gün bu gözəl ölkədə, bu gözəl şəhərdə Gürcüstanın Müstəqillik Gününü qeyd edirik. Bu gün hər birimiz, hər bir gürcü üçün xüsusi bir qürur mənbəyidir, çünki bu, bizi azadlıq, müstəqillik və suverenlik uğrunda yüzillərlə davam edən mübarizəmizi xatırladır. Bu mübarizədə çoxsaylı gürcülər həyatını itirib. Müstəqillik – hər birimizin xüsusi diqqət göstərməli olduğu bir dəyərdir. Biz öz unikal və çoxəsrlik tariximizlə qürur duyuruq və fəxrlə deyirik ki, ölkəmizin 3 000 illik, Gürcüstanın dövlətçilik tarixinin isə 23 əsrlik kökləri var. Gürcüstan – çox kiçik bir ölkə olsa da, tarixən imperiyaların kəsişmə nöqtəsində yerləşirdi. Belə bir şəraitdə müstəqilliyi qorumaq bizim üçün çox çətin idi, lakin gürcü milləti dəfələrlə sarsılmaz ruhunu göstərmişdir və məhz bunun nəticəsində biz mürəkkəb tariximizə baxmayaraq, müstəqilliyimizi və kimliyimizi qoruyub saxlaya bilmişik.

Bu gün qürurla qeyd edirik ki, Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suveren ölkədir. Lakin anlayırıq ki, müstəqillik uğrunda mübarizə və onu qorumaq daimi prosesdir. Biz bu gün də tam əzm və iradə ilə müstəqilliyimizi və suverenliyimizi qorumağa hazırıq. Ölkənin milli maraqlarının qorunması məsələsində dostlarla münasibətlər və tərəfdaşlıq çox önəmlidir. Biz Gürcüstan və İtaliya arasında formalaşmış münasibətlərdən qürur duyuruq. Gürcü və İtalyan xalqları arasında formalaşmış dostluq münasibətlərindən qürur duyuruq. Biz düşünürük ki, bizi ortaq dəyərlər birləşdirir” – deyə İrakli Kobaxidze vurğulayıb.

İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan İtaliya ilə qurulmuş dostluq münasibətlərindən qürur duyur.

“Gürcülərin İtaliya və italyan xalqına xüsusi bir münasibəti var. Gürcülər inanırlar ki, Avropa xalqları arasında ən çox bənzədiyimiz xalq italyanlardır və bu da bizim üçün qürur mənbəyidir. İtaliya ilə bağlı hər şey bizi valeh edir – bu, unikal İtaliya mədəniyyəti, unikal tarix, idman, mətbəx və bu maraqlı, gözəl ölkəyə aid hər şeydir.

Əsas məsələyə gəlincə – Milan bizim üçün xüsusi emosiyalarla bağlıdır, bunun da konkret səbəbi var – Tbilisinin meri cənab Kaxa Kaladze bir vaxtlar bu şəhərdə ölkəmizi təmsil edib. O, illərlə bu şəhərdə ölkəmizin şərəfini qoruyub və məhz bu şəhərdə ölkəmizə çoxlu qələbələr qazandırıb.

Biz Gürcüstan və İtaliya arasında formalaşmış dostluq münasibətlərindən qürur duyuruq. Bu sıx əlaqələrin təzahürlərindən biri də Milanda Baş Konsulluğun açılmasıdır – bu gün biz onu ziyarət etdik. Bu, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edən daha bir addımdır. İtaliyada, xüsusilə də ölkənin şimalında Gürcü diasporu kifayət qədər geniş təmsil olunur və bu da öz növbəsində, ölkələrimiz arasında tərəfdaşlığın inkişafına töhfə verir.

Gələcəkdə də biz hər şeyi edəcəyik ki, ölkələrimiz arasında dostluq daha da dərinləşsin. Sonda bir daha İtaliyaya və italyan xalqına bu illər boyu davam edən dostluq münasibətlərinə görə təşəkkürümü bildirmək istəyirəm. Hər birinizə iştirak etdiyiniz üçün bir daha təşəkkür edirəm. Yaşasın İtaliya, yaşasın Gürcüstan!” – deyə İrakli Kobaxidze qeyd edib.