İrakli Kobaxidze - Bu gün biz ölkə üçün ən böyük strateji əhəmiyyətli layihənin, Anaklia dərin dəniz limanının tikintisinin başlanmasını qeyd edirik
İrakli Kobaxidze - Bu gün biz ölkə üçün ən böyük strateji əhəmiyyətli layihənin, Anaklia dərin dəniz limanının tikintisinin başlanmasını qeyd edirik

 

Bu gün biz ölkəmiz üçün ən böyük strateji əhəmiyyətli layihənin, Anaklia dərin dəniz limanının tikintisinin başlanmasını qeyd edirik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Anaklia dərin dəniz limanının su infrastrukturunun layihələndirmə-tikinti işlərinin başlanması tədbirində çıxışı zamanı bildirib.

Hökumət başçısı, layihənin birinci mərhələsində birbaşa tikinti prosesində, tikinti və logistika işlərində 500-dək insanın işlə təmin olunacağını bildirir.

Onun bəyanatına əsasən, limanın birinci mərhələsinin yükgötürmə qabiliyyəti ildə 600 min konteyner olacaq, təxmini investisiya dəyəri isə 600 milyon dollar təşkil edəcək.

“Limanın su infrastrukturunun layihələndirilməsi və tikintisi işləri üzrə tenderin qalibi olan Belçikanın “Jan De Nul” şirkəti plana əsasən, sentyabrın 16-da artıq işə başladı. Birinci mərhələdə limanın akvatoriyasının dəniz dibinin dərinləşdirilməsi planlaşdırılır və intensiv işlər nəticəsində biz artıq xeyli irəliləyiş əldə etmişik.

Ölkə üçün belə bir strateji layihənin tikintisinə böyük təcrübəyə və yüksək beynəlxalq nüfuza malik şirkətin cəlb olunması mühümdür. “Jan De Nul” məhz dəniz tikinti işlərində ixtisaslaşmışdır. Qeyd edilməlidir ki, şirkət Panama kanalının genişləndirilməsi layihəsi, Misirdə yeni Süveyş kanalı, Nadorda (Mərakeş) yeni dəniz limanı, Hamburq limanının dərinləşdirilməsi layihəsi, Dubayın süni adası və sahili kimi layihələri tam və ya qismən həyata keçirib. Mənimlə razılaşacaqsınız ki, bu siyahı artıq bu şirkətin xüsusi təcrübəsindən xəbər verir və biz bu şirkətin Anaklia dərin dəniz limanının inkişafında iştirakına görə şadıq. Layihənin birinci mərhələsində, birbaşa tikinti prosesində, tikinti və logistika işlərində 500-dək insan işlə təmin olunacaq. Limanın birinci mərhələsinin yükgötürmə qabiliyyəti ildə 600 min konteyner olacaq. Təxmini investisiya dəyəri 600 milyon dollar təşkil edəcək. Liman layihəsi üçün özəl tərəfdaşın seçilməsi prosesinə gəlincə, bu mərhələdə Çin-Sinqapur konsorsiumu ilə təqdim olunmuş təklifin təfərrüatları dəqiqləşdirilir, bundan sonra da yaxın gələcəkdə tərəfdaşlıq müqaviləsi və konsessiya müqaviləsi imzalanacaq” – baş nazir bildirib.