İrakli Kobaxidze BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
Hökumət administrasiyasının məlumatına görə, görüş zamanı Gürcüstanla Birləşmiş Millətlər Təşkilatı arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq vurğulanıb.
Tərəflər beynəlxalq sülh və təhlükəsizlik qarşısında mövcud çağırışları, eləcə də uzunmüddətli sabitlik və rifahın təmin olunması üçün çoxtərəfli tərəfdaşlığın xüsusi əhəmiyyətini müzakirə ediblər.
Görüşdə qeyd olunub ki, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatlarının əsas mövzusunun məhz sülh, təhlükəsizlik və dayanıqlı inkişaf olması bu məsələlərin xüsusi aktuallığını göstərir.
Görüş zamanı Gürcüstanın işğal olunmuş ərazilərində mövcud mürəkkəb humanitar vəziyyət və təhlükəsizliklə bağlı çağırışlar da diqqət mərkəzində olub.
Gürcüstanın Baş naziri BMT-nin baş katibinə ölkənin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə təşəkkür edib. O, Baş Assambleyanın qəbul etdiyi “Gürcüstanın Abxaziya və Gürcüstanın Tsxinvali regionundan/Cənubi Osetiyadan məcburi köçkünlərin və qaçqınların statusu haqqında” qətnamənin əhəmiyyətini vurğulayıb.
İrakli Kobaxidze BMT-nin fəxri qonaqlar kitabına xatirə qeydi də yazıb.